QUBADA NOVRUZ BAYRAMI TƏNTƏNƏLİ ŞƏKİLDƏ QEYD EDİLİB
Baxış sayı: 12
19 mart 2026-cı il tarixdə Novruz bayramı münasibətilə Quba Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Nizami adına mədəniyyət və istirahət parkında ümumrayon bayram tədbiri keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Rayon İcra Hakimiyyətinin kollektivi, Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının sədri və kollektivi, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və əməkdaşları, şəhid ailələri və qazilər, RİHB-nın inzibati ərazi dairələri üzrə nümayəndələri və bələdiyyə sədrləri, ictimai təşkilatların rəhbərləri, həmçinin rayon ictimaiyyətinin nümayəndələri iştirak edib. Tədbir Bahar qızı və Dədə Qorqudun Novruz təbriklərini çatdırması ilə başlayıb. Daha sonra Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov aidiyyəti şəxslərlə birlikdə parkın ərazisində rayonun idarə, müəssisə və təşkilatları, inzibati ərazi dairələri üzrə nümayəndəlikləri və bələdiyyələr tərəfindən təşkil edilmiş bayram guşələrinə baxış keçirib, Novruz bayramının rəmzi tonqalını alovlandırıb. Novruz ümumxalq bayramı kimi uzun əsrlərdən bəri yurdumuzun hər bir guşəsində qeyd olunur. Ulu Tanrıya, kainatın zamana və ana təbiətə sonsuz sevginin parlaq ifadəsi olan bu bayramın qədim ənənələrinin bütün rəngarəngliyi ilə qorunub saxlanılması Azərbaycan xalqının öz tarixi-mədəni keçmişinə yüksək ehtiramını və milli-mənəvi dəyərlərə dərin bağlılığını nümayiş etdirir. Novruz Bayramına həsr olunmuş konsert proqramında yerli müğənnilər tərəfindən mahnılar ifa olundu, müxtəlif rəqs nömrələri nümayiş etdirildi, şeirlər səsləndirildi. Eyni zamanda tədbirdə rayondan olan idmançıların müxtəlif idman növləri üzrə nümunəvi çıxışları nümayiş olunub.
