BakuPulse tərəfindən təşkil olunan Quba Palace Run Azərbaycanın ən füsunkar məkanlarından biri olan Qubada uğurla həyata keçirildi.
Tədbir ölkənin müxtəlif bölgələrindən gələn 200-dən çox qaçış həvəskarını bir araya gətirərək iştirakçılara idmanla yanaşı, Qubanın zəngin təbiətini, qonaqpərvərliyini və unikal atmosferini yaxından yaşamaq imkanı yaratdı. Yarış marşrutu Azərbaycanın möhtəşəm qolf meydançası, göllər və dağ mənzərələri boyunca təşkil olunaraq iştirakçılara klassik şəhər qaçışlarından fərqli, ilhamverici bir təcrübə təqdim etdi. Tədbirin uğurla həyata keçirilməsində tərəfdaşların dəstəyi mühüm rol oynadı. Quba üzrə Karyera və İnkişaf Mərkəzi, Red Bull, Dəyərlisən, Birmarket, Badamlı və Quba üzrə Gənclər və İdman Şöbəsi iştirakçıların yüksək səviyyəli tədbir təcrübəsi yaşamasına öz töhfələrini verdilər. Tədbirin media dəstəkçisi qismində çıxış edən Qafqaz TV layihənin informasiya təminatında mühüm rol oynadı. Televiziya yarışın gedişini, iştirakçıların çıxışlarını və tədbirdə yaşanan maraqlı anları operativ şəkildə işıqlandıraraq geniş auditoriyaya çatdırıb. Qafqaz TV uzun illərdir ki, ölkənin şimal bölgəsində keçirilən idman yarışlarına, sosial, mədəni və ictimai əhəmiyyət daşıyan layihələrə media dəstəyi göstərir. Televiziya fəaliyyətində sağlam həyat tərzinin təbliği, gənclərin idmana marağının artırılması və regionlarda təşkil olunan təşəbbüslərin ictimaiyyətə çatdırılmasını əsas istiqamətlərdən biri kimi müəyyənləşdirib. Qeyd edək ki, BakuPulse qarşıdakı aylarda da Azərbaycanın müxtəlif bölgələrində yeni qaçış tədbirləri təşkil etməyi planlaşdırır və hər bir tədbirdə iştirakçılara yalnız yarış deyil, uzun müddət xatırlanacaq unikal bir təcrübə təqdim etməyi hədəfləyir.
