QUBADA MODUL TİPLİ YENİ MƏKTƏB BİNALARI İSTİFADƏYƏ VERİLİB

Quba rayonunun Susayqışlaq və Gənclər qəsəbəsində modul tipli yeni məktəb binaları istifadəyə verilib.

Susayqışlaq kənd ümumi orta məktəbinin köhnə binası 1987-ci ildən fəaliyyət göstərib.Köhnə məktəb binasının müasir tədris qaydalarına cavab verməməsi səbəbindən yenisinin tikintisinə ehtiyac duyulub. Modul tipli yeni məktəb binası 96 şagird yerlikdir. Məktəb binası sinif otaqları, müəllimlər otağı, kitabxana və sanitar qovşaqdan ibarətdir. Məktəbdə su-kanalizasiya xətləri çəkilib, istilik sistemi, nəzarət kamerası quraşdırılıb, həyətdə abadlıq işləri aparılıb. Açılış mərasimlərində çıxış edən Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev ölkəmizdə təhsilin səviyyəsinin yüksəldilməsinə, maddi-texniki bazasının möhkəmləndirilməsinə göstərilən dövlət qayğısından, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın bu sahədə gördüyü tədbirlərdən danışıb. Məlumat verilib ki, son illər Qubada müasir tipli yeni məktəb binalarının inşası geniş vüsət alıb. Ötən 10 ildə rayonda 70-ə yaxın məktəb tikilib və ya əsaslı təmir olunub. Onlardan 19-u modul tipli məktəbdir. Yaxın günlərdə rayonun Ərməkiqışlaq, Yalavanc və Küpçalqışlaq kəndlərində də yeni modul tipli məktəblər istifadəyə veriləcək. Quba rayonunun Gənclər qəsəbəsində istifadəyə verilən yeni modul tipli ümumi orta məktəb isə 80 şagird yerlikdir.Bu məktəbin açılış mərasimində çıxış edənlər ölkəmizdə həyata keçirilən təhsil islahatlarının uğurlu nəticələrindən danışıblar.Qeyd olunub ki,modul tipli məktəblərin üstünlüyü onların azməsrəfli olması ilə yanaşı, qısa müddət ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, sinif otaqlarının şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırılmasıdır. Modul tipli məktəblərin tikintisində əsasən yerli istehsal məhsullarından istifadə edilir. Pedaqoji kollektivin nümayəndələri, şagirdlər və kənd sakinləri çıxışlarında dövlətimizin başçısına dərin minnətdarlıqlarını bildirib, yüksək qayğıya əməli işlə cavab verəcəklərini söyləyiblər. Tədbir iştirakçıları məktəbdə yaradılan şəraitlə tanış olublar.