QUBADA MAARİFLƏNDİRİCİ TRENİNQ-SEMİNAR KEÇİRİLİR

İki gün davam edəcək təlimlərin əsas məqsədi ayrı-seçkilik əleyhinə Avropa standartları və onların tətbiqi qaydasının təqdim edilməsi, həmçinin Ombudsman aparatı və regional mərkəzlərin əməkdaşlarının aparatın ayrı-seçkiliklə mübarizə mandatının tətbiqində, eləcə də hədəf qrupları və ayrı-ayrı qurbanlarla iş qaydası ilə bağlı bacarıqların artırılmasıdır.

Tədbirdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva, Avropa Şurasının Bakıdakı Ofisinin rəhbəri Zoltan Hernyes, Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas, Aparatın və Ombudsmanın Regional Mərkəzlərinin əməkdaşları, beynəlxalq ekspertlər, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri iştirak edirlər. Ombudsman Səbinə Əliyeva çıxışında seminarın əhəmiyyətindən danışaraq bildirib ki, Azərbaycan Respublikasında insan hüquq və azadlıqları Azərbaycan Respublikasının Konstitusiyası, normativ hüquqi aktlar və ölkəmizin qoşulduğu beynəlxalq müqavilələr kontekstində tənzimlənir. Avropa Şurasının Bakıdakı Ofisinin rəhbəri Zoltan Hernyes, həmçinin Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas çıxışlarında Qubada təşkil olunan seminarın böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıblar. Kestutis Yankauskas bildirib ki, hamını əhatə edən inklüziv və multikultral cəmiyyətlərin formalaşmasının əhəmiyyəti çox böyükdür. “Bugünkü tədbirdə iki əsas Avropa qurumu iştirak edir. Avropa İttifaqı və Avropa Şurası bu məsələ ilə bağlı komanda şəklində fəaliyyət göstərirlər. Azərbaycan bu təşkilatlardan birinin üzvü, digərinin isə çox vacib tərəfdaşıdır. Avropa İttifaqı olaraq Azərbaycanla münasibətlərdə yeni tərəfdaşlıq qururuq. Belə ki, artıq yeni tərəfdaşlıq sazişi ilə bağlı danışıqları yekunlaşdırırıq. Biz bu il birlikdə yeni “Şərq tərəfdaşlığı”nı formalaşdırırıq ki, Azərbaycan da oranın üzvüdür. Əlbəttə bir sıra qlobal çağırışlar mövcuddur ki, biz buna qarşı müdafiə olunmamışıq. Hamımız üçün bərabərlik şərtlərinin yaradılması çox vacibdir. deyə Kestutis Yankauskas bildirib. Seminarın birinci günü təşkil olunan sessiyalarda ekspertlər “Ayrı-seçkilik əleyhinə Avropa standartları”, “Ayrı-seçkilik əleyhinə qanunların yerinə yetirilməsinin monitorinqini aparmaq potensialı” mövzularında məruzə ilə çıxış edərək, qabaqcıl təcrübəni paylaşıblar. Treninq-seminara Ombudsman ofisinin işçi heyəti, Quba regional mərkəzinin əməkdaşları, yerli icma və azlıqların nümayəndələri olmaqla, ümumilikdə, 30 nəfərə yaxın iştirakçı cəlb olunub.seminar iki gün davam edəcək.