23 iyul 2026-cı il tarixdə Quba rayon Heydər Əliyev Mərkəzinin qarşısında Quba Rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və Xidmətin Quba rayon şöbəsinin birgə təşkilatçılığı ilə müddətli həqiqi hərbi xidmətə yola salınan çağırışçıların təntənəli yolasalma mərasimi keçirilib.
Tədbirdə Quba Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən, başçının birinci müavini Tariyel İbrahimov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə rəisi, polkovnik-leytenant Fizuli İsmayılov, Quba Rayon İcra Hakimiyyətinin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin məsul şəxsləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsinin rəisi polkovnik Yasin Aşurov və əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, çağırışçılar, onların valideynləri və yaxınları, aidiyyəti qurumların rəhbərləri və nümayəndələri, həmçinin rayon ictimaiyyətinin nümayəndələri iştirak edib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edildikdən sonra, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Çıxış edənlər gəncləri həqiqi hərbi xidmətə yola düşmələri münasibətilə təbrik edərək onlara Vətənə və dövlətə sədaqətlə xidmət etməyi, hərbi nizam-intizama ciddi riayət etməyi, Silahlı Qüvvələrimizin şərəfli ənənələrini layiqincə davam etdirməyi arzuladılar. Bildirilildi ki, Azərbaycan Ordusu bu gün ölkə Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə daha da güclənərək regionun ən qüdrətli ordularından birinə çevrilmiş və gənclərin bu şanlı ordunun sıralarında xidmət etməsi böyük şərəfdir. Mərasimdə valideynlər və ictimaiyyət nümayəndələri çıxış edərək çağırışçılara uğurlar arzulayıb, onların Vətənə layiqli əsgər kimi xidmət edəcəklərinə əminliklərini ifadə ediblər. Sonda çağırışçılar Azərbaycan Bayrağının müşayiəti ilə böyük ruh yüksəkliyi və alqışlar altında həqiqi hərbi xidmət keçmək üçün yola salındılar.
