QUBADA ELMİ-PRAKTİK KONFRANS KEÇİRİLİB

Quba rayon Heydər Əliyev Mərkəzində Quba Rayon İcra Hakimiyyətinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə "Qərbi Azərbaycan bizim tarixi torpaqlarımızdır" mövzusunda konfrans keçirilib. Konfransda Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov , Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli, rayon rəsmiləri, şəhid ailələri, qazilər, rayon ictimaiyyətinin nümayəndələri, gənclər və digər nümayəndələr iştirak ediblər. Konfransdan əvvəl Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülərək, xatirəsi ehtiramla yad edildi. Konfransın bədii hissəsində aşıq musiqisi səsləndirilmiş, yallı rəqsi nümayiş olunmuş və Qərbi Azərbaycanın mədəni irsini əks etdirən sərgi təşkil edilmişdir. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və ərazi bütövlüyümüz uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Qərbi Azərbaycanla bağlı videoçarx nümayiş etdiridi. Açılış nitqi ilə çıxış edən Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov konfransın mahiyyəti barədə ətraflı bilgi verərək, konfransın Qərbi Azərbaycan həqiqətlərinin təbliği istiqamətində mühüm əhəmiyyət kəsb etdiyini vurğuladı. Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli çıxış edərək Qərbi Azərbaycanlıların öz tarixi yurd yerlərindən mərhələlərlə deportasiya edildiklərini, onların bu ağrılı proseslər zamanı yaşadıqları müsibətləri dilə gətirmişdir. Konfransda digər çıxış edənlər də Qərbi Azərbaycanlıların öz el-obalarına geri qayıdış əzmi və istəyindən bəhs etmiş, Vətən həsrətlərindən danışmışlar.