QUBADA DÖVLƏT SİYASƏTİNİN İCRASI DİQQƏT MƏRKƏZİNDƏ

Quba Rayon İcra Hakimiyyətində Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrlə əlaqədar müşavirə keçirilib.

Müşavirədə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, YAP Quba rayon təşkilatının sədri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, regional və digər idarə, müəssisə və təşkilatların rəhbərləri, inzibati ərazi dairələri üzrə nümayəndələr, bələdiyyə sədrləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib. Müşavirədə məruzə ilə çıxış edən Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr, ölkəmizin qarşısında duran prioritet istiqamətlər və qarşıya qoyulan tapşırıqların yerinə yetirilməsi məsələləri barədə ətraflı danışdı. Rayon rəhbəri dövlət siyasətinin yerlərdə həyata keçirilməsi, sosial-iqtisadi inkişafın davam etdirilməsi, vətəndaş məmnunluğunun təmin olunması, əhali ilə işin səmərəli təşkili və dövlət orqanları arasında koordinasiyanın gücləndirilməsinin vacibliyini vurğuladı. Daha sonra Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi Qumru Məmmədova, Quba rayon Heydər Əliyev Mərkəzinin direktoru Sevinc Səlimova, şəhid atası Akif Əliyev, Quba şəhər 7 saylı tam orta ümumtəhsil məktəbinin tarix müəllimi Anar Murtuzov və Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri, Veteranları İctimai Birliyinin Şimal bölgəsi üzrə sədri, Vətən müharibəsi qazisi Ramin Yunusov çıxış etdilər. Çıxışlarda dövlət siyasətinin əsas istiqamətləri, təhsil və gənclər siyasətinin həyata keçirilməsi, idmanın inkişafı, vətənpərvərlik tərbiyəsi, şəhid ailələri və qazilərə göstərilən diqqət və qayğı, milli-mənəvi dəyərlərin qorunması, eləcə də gənc nəslin dövlətçilik ənənələrinə və tarixi irsə bağlılığının gücləndirilməsi məsələlərinə toxunulmuşdur. Müşavirənin sonunda qarşıda duran vəzifələrin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi, müvafiq sahələr üzrə işlərin əlaqələndirilməsi və verilən tapşırıqların icrasına nəzarətin gücləndirilməsi ilə bağlı müvafiq göstərişlər verildi.