Qubada 20 Yanvar faciəsinin 30 illiyi münasibətilə keçirilən ümumrayon tədbiri şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirildiyi sərgiyə baxışla başlayıb.
Şəhid qəhrəmanların şücaəti, Sovet ordusunun Bakı və bölgələrdə törətdiyi qəddarlıq,şəhid analarının fəryadı qubalı rəssamların əsərlərində,ədiblərin poeziyasında canlandırılıb.Hər bir vətənpərvər həmvətənimiz öz peşəsi yönümündə qanlı yanvar faciəsinin baiskarlarına etiraz səsini ucaldıb. Anım tədbirində çıxış edən Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev vurğulayıb ki,1990-cı ildə Bakıda 20 Yanvar və Azərbaycan tarixində ondan əvvəl baş vermiş faciəli hadisələr XX əsr boyu xalqımıza qarşı yeridilən düşünülmüş siyasətin növbəti təzahürü idi. Sovet rəhbərliyinin himayədarlığı ilə başlayan Dağlıq Qarabağ hadisələri, Azərbaycan xalqına qarşı soyqırımı və azərbaycanlıların Ermənistan ərazisindəki əzəli torpaqlarından qovulması bu siyasətin mərhələləridir.Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən artıq 30 il keçir. Keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz tarixin yaddaşında insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi qalacaq. Milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə silahlı təcavüz nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi. Sovet ordusunun böyük heyətinin, xüsusi təyinatlı bölmələrin və daxili qoşunların Bakıya yeridilməsi xüsusi qəddarlıq və görünməmiş vəhşiliklə müşayiət edildi. SSRİ 1956-cı ildə Çexoslovakiyaya, 1968-ci ildə Macarıstana və 1979-cu ildə Əfqanıstana qarşı həyata keçirdiyi hərbi müdaxiləni hətta o zamankı Sovet İttifaqının müttəfiq respublikalarından biri olan Azərbaycanda da təkrarlamaqdan çəkinmədi. Məruzədə o da qeyd olundu ki,Qanlı 20 Yanvar hadisələrinə siyasi qiymət verilməsi məsələsində ulu öndərimiz Heydər Əliyevin xidmətləri əvəzsizdir. O zaman yalnız ümummilli lider Heydər Əliyev bütün çətinliklərə baxmayaraq 1990-cı il yanvarın 21-də siyasi iradə nümayiş etdirərək Moskvadakı Azərbaycan nümayəndəliyinə gəlmiş və SSRİ rəhbərliyinin törətdiyi bu cinayəti qətiyyətlə ittiham edərək bəyanatla çıxış etmişdir. 1993-cü ilin ikinci yarısında ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Azərbaycanda müstəqil dövlətçilik ideyalarının bərqərar olmasına şərait yaratdı. Bundan sonra, 1990-cı ilin qanlı Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi. Tədbirin sonunda Quba şəhər mədəniyyət evi kollektivinin ifasında “Şəhidlər ölməz Vətən bölünməz” mövzusunda ədəbi-bədii kompazisiya nümayiş etdirilib.