QUBADA BAŞ PROKURORLUQ KONFRANS KEÇİRİB
Baxış sayı: 480
Bu gün Quba rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Baş Prokurorluğunun təşkilatçılığı ilə “Söz azadlığı və cəmiyyətin informasiya təhlükəsizliyi” mövzusunda regional konfrans keçirilib. Konfransdan əvvəl Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, Azərbaycan Respublikasının Baş Prokurorluğunun idarə rəisi, üçüncü dərəcəli dövlət ədliyyə müşaviri Natiq Abdullayev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri Ulu Öndər Heydər Əliyevin adını daşıdığı parkda xalqımızın Ümummilli Liderinin abidəsini ziyarət etmiş, daha sonra qeyd olunan şəxslərin, Quba Rayon İcra Hakimiyyətinin məsul şəxslərinin, YAP Quba rayon təşkilatının sədrinin və digər məsul şəxslərin iştirakı ilə konfrans keçirilmişdir. Dövlət himni səsləndirildikdən sonra Vətən uğurunda canlarından keçmiş bütün şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad olunub, yaralılara Allahdan şəfa dilənib.Tədbirdə açılış nitqi ilə çıxış edən Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi Natiq Abdullayev cəmiyyətin informasiya təhlükəsizliyinin təmin olunması məqsədilə prokurorluq orqanları tərəfindən həyata keçirilən kompleks tədbirlərdən söz açıb. Konfrans zamanı çıxış edən Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev mötəbər tədbirin Quba şəhərində təşkil edilməsindən məmnunluğunu ifadə edib, Quba rayon prokuroru Namiq Muradov təşkil olunmuş işgüzar konfransın əhəmiyyətindən bəhs edərək media və qeyri-hökumət təşkilatları ilə kommunikasiyanın gücləndirilməsi məqsədilə görülən işlərdən danışıb. Tədbirdə çıxış edən Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov prokurorluq orqanlarının media siyasətində aşkarlıq, şəffaflıq və hesabatlılıq prinsiplərini rəhbər tutduğunu, vətəndaş məmnunluğunun təmin olunması məqsədilə qurumun sosial media fəaliyyətinin gücləndirilməsi istiqamətində görülən işlərdən bəhs edib. Tədbir zamanı, həmçinin, dövlət qurumlarının sözçüləri, o cümlədən qeyri-hökumət təşkilatlarının nümayəndələri çıxışlar edib, birgə əməkdaşlığın perpektivləri barədə təkliflər səsləndirilib. Konfransın gedişatında iştirakçılara Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin əməkdaşı Aysel Hadiyeva "Aktual kibertəhdidlər və mühüm kibergigiyena qaydaları" mövzusunda təlim keçilib. Daha sonra dövlət qurumları ilə qeyri-hökumət təşkilatları və bölgə mediası arasında operativ və səmərəli əməkdaşlığın qurulması məqsədilə fikir mübadiləsi aparılıb.