Azərbaycanda arıçılıq qədim tarixə malikdir. Hələ eramızdan əvvəl IX-VIII əsrlərdə Zaqafqaziyada arıçılıqla məşğul olublar. X-XII əsrlərdə Azərbaycanda arıçılıq daha da inkişaf edib.
Hətta, Azərbaycandan xarici ölkələrə də arıçılıq məhsulları satılıb. Bəs hazırda Respublikamızda, özəlliklə Qubada kənd təsərrüfatında önəmli yerlədən birini tutan arıçılıq necə inkişaf edir? Respublikada arıçılığın inkişaf etdiyi rayonlardan bir də Qubadır. Hazırda Qubada 700-dən çox arıçı və 20 minə yaxın arı ailəsi var. Bu arı ailələrinin 18-mindən çoxuna subsidiyalar ayrılıb. Qubada arıçılığın gələnəksəl kənd təsərrüfatı məşğuliyyəti olduğunu bildirən Quba Dövlət Aqrar İnkişaf Mərkəzinin sektor müdiri Aydın Qədiməliyevin sözlərinə görə hazırda rayonda qafqaz boz arısından başqa xaricdən daha məhsuldar cins arılar gətirilir. Onun sözlərinə görə bu il havaların qeyri-sabit keçməsi arıların köçürülməsi ilə bağlı çətinliklər yaratdı ki bu məhsuldarlığa təsir edə bilər. Bal bazarının müxtəlif istiqamətlərdə inkişaf etdiyini bildirən sector müdirinin sözlərinə əsasən, gələcəkdə Quba arıçılarının əldə etdikləri bal yerli bazarı təmin etdikdən sonra xarici ölkələrə də idxal oluna bilər. Quba Dövlət Aqrar İnkişaf Mərkəzinin sektor müdirinin sözlərinə əsasən hazırda qiymətinə görə ən bahalı bal Ərəb ölkələrində, keyfiyyətinə görə isə ən üstün bal Yeni Zelandiyada satılır.