QUBADA ABADLIQ İŞLƏRİ BAŞLAYIB

Bu il sərt qış mövsümü keçirən Qubada yazın isti nəfəsinin duyulmasıyla abadlıq,tikinti quruculuq işlərinə start verilib.

Qubanın Tofiq Əhmədov küçəsi şəhərin Dağıstan küçəsi ilə Vaqif prospektini birləşdirir.Uzunluğu 1 km artıq olan bu küçə nəqliyyat və piyada sarıdan şəhərin intensiv hərəkətli ərazilərindəndir. Burada indiyədək abadlıq işlərinin aparılmaması, hərəkətə maneəçilik törədən tikililərin mövcudluğu sıxlığa səbəb olurdu ki, bu da qubalıların və rayonun qonaqlarının haqlı narazılığına səbəb olurdu,xüsusən də küçənin Mərkəzi Bazar ərazisindən keçən hissəsi ilə bağlı.Qeyd olunanları nəzərə alan Quba rayon icra hakimiyyəti Tofiq Əhmədov küçəsi boyu abadlıq, yenidənqurma işlərinə start verib. Onu da qeyd edək ki, bu əhəmiyyətli layihənin icrasına müvafiq dövlət qurumları səfərbər olunub. Həmçinin ərazidə sahibkarlıq fəaliyyəti ilə məşğul olan iş adamlarının da abadlıq işlərinə dəstək verməsi təqdir edilən amillərdəndir. Əraziyə gələn Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevə burada icra olunan işlərlə bağlı məlumat verilib.İcra başçısı sahibkarlarla söhbət aparıb, küçəboyu fəaliyyət göstərən ticarət mərkəzlərində səliqə-səhman,abadlıq işlərinə başlanmasının və sanitar-gigiyenik qaydalara əməl olunmasının vacibliyini vurğulayıb.