QUBADA 8 MART MÜNASİBƏTİLƏ ŞƏHİD ANALARI TƏBRİK EDİLİB
Baxış sayı: 353
Quba rayon Heydər Əliyev Mərkəzində 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə "Ulu öndər Heydər Əliyev və Azərbaycan cəmiyyətinin inkişafında qadınların rolu "mövzusunda tədbir keçirilib. Tədbir Quba Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının birgə təşkilatçılığı ilə baş tutub. Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, YAP Quba rayon təşkilatının sədri, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, rayon Ağsaqqallar Şurasının sədri, Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, şəhid anaları, şəhidlərin həyat yoldaşları və şəhidlərin qız övladları, həmçinin müxtəlif vəzifələrdə çalışan bir qrup fəal qadın iştirak edib. Tədbir Ümummilli Lider Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi uğrunda canını fəda edən şəhidlərimizin və Türkiyədə zəlzələdə həyatını itirən 46 mindən çox insanın xatirəsi bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Sonra Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev şəhid analarını və şəhidlərin ailə üzvlərini 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib, onlara ən xoş arzularını bildirib. Tarixin bütün dövrlərində Azərbaycan qadınının ağlı, təmkini, vəfası və yüksək analıq keyfiyyətləri ilə seçildiyini, zərifliyin, nəcibliyin və gözəlliyin rəmzi olduğunu söyləyib. Digər çıxış edənlər başda şəhid anaları və şəhidlərin həyat yoldaşları olmaqla bütün Azərbaycan xanımlarını 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib, onlara ən xoş arzularını ifadə ediblər. Ölkəmizdə uğurla həyata keçirilən Ulu öndər Heydər Əliyevin banisi olduğu dövlət qadın siyasətindən bəhs edərək, müstəqil Azərbaycanın qazandığı bütün böyük uğurlarda xanımların misilsiz xidmətləri olduğunu vurğulayıblar. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qadın hüquqlarının müdafiəsi sahəsində möhkəm qanunvericilik bazası yaradıldığını, qadınların mühüm dövlət qurumlarında, parlament və bələdiyyələrdə uğurla təmsil olunduqlarını, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirak etdiklərini, ölkəmizin inkişafına böyük töhfələr verdiklərini diqqətə çatdırıblar. Tədbirdə iştirak edən şəhid anaları onlara və ailələrinə göstərilən yüksək diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər. Tədbirin sonunda şəhidlərin analarına, onların həyat yoldaşlarına və qız övladlarına eləcə də tədbirdə iştirak edən digər xanımlara Rayon İcra Hakimiyyəti tərəfindən gül dəstələri və hədiyyələr təqdim olunub.