QUBADA 28 MAY – MÜSTƏQİLLİK GÜNÜ MÜNASİBƏTİLƏ TƏDBİR KEÇİRİLİB

Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatının, YAP Quba rayon təşkilatının və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 28 May – Müstəqillik Günü münasibətilə “Azərbaycan XX əsrin əvvəllərində: müstəqilliyə aparan yollar” mövzusunda tədbir keçirilib. Əvvəlcə Quba şəhərində Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb. Quba rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.Tədbiri giriş sözü ilə açan YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova bildirib ki, müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətini üzvi şəkildə birləşdirən yeni dövlət modeli idi. Bu nümunəvi model sonralar dövlət müstəqilliyi əldə etmiş digər cümhuriyyətlər üçün də örnək oldu. Sonra çıxış edən Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdə mühüm yer tutduğunu vurğulayıb. O, xalqımızın o dövrdə çətin sınaqlarla üz-üzə qaldığını, müstəqilliyə gedən yolda böyük faciələrlə üzləşdiyini diqqətə çatdırıb. YAP Veteranlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Arif Rəhimzadə çıxışında bildirib ki, Azərbaycan tarixinin şanlı səhifələrindən olan və müasir dövlətçilik tariximizdə önəmli yer tutan Azərbaycan Xalq Cümhuriyyəti XX əsrin milli dövlətçilik ənənələrinin inkişafı baxımından mühüm əhəmiyyətə malikdir. A.Rəhimzadə bildirib ki, “Ulu Öndər Heydər Əliyev müasir Azərbaycan dövlətinin məhz 1918-ci ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin varisi olmasını dəfələrlə ifadə edib. Ümummilli liderin əsasını qoyduğu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə və reallıqlarına uyğun davam etdirilir – deyə A.Rəhimzadə qeyd edib. 28 Mayın Azərbaycan tarixinin əzəmətli günlərindən biri olduğunu söyləyən YAP Veteranlar Şurasının üzvü, tarix elmləri doktoru Dilarə Seyidzadə Xalq Cümhuriyyətinin fəaliyyəti dövründə həyata keçirilən bir sıra mühüm tədbirlər, qəbul edilən qanunlar, Cümhuriyyət qurucularının siyasi fəaliyyəti barədə ətraflı bilgi verib, həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin tam həyata keçirə bilmədiyi müstəqillik arzularının Ulu Öndər Heydər Əliyev və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən gerçəkləşdirildiyini diqqətə çatdırıb. İnteraktiv formada davam edən tədbirdə iştirakçıların sualları cavablandırılıb. Daha sonra YAP sıralarına yeni qəbul olunan üzvlərə partiya vəsiqələri təqdim olunub. Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə sona çatıb.