QUBADA 27 SENTYABR ANIM GÜNÜ QEYD OLUNDU
Baxış sayı: 36
Quba rayonunda 27 Sentyabr – Anım Günü ilə bağlı tədbir keçirildi. Quba Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutan anım mərasimində rayon rəhbərliyi, YAP Quba rayon təşkilatının üzvləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, ictimaiyyət nümayəndələri və gənclər iştirak etdilər.
Əvvəlcə şəhidlərimizin məzarları ziyarət olundu, ruhlarına dualar oxundu. İştirakçılar ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun göstərdiyi qəhrəmanlıqdan danışdılar, bütün şəhidlərimizin daim qəlblərdə yaşayacağını vurğuladılar.
Tədbirdə məktəblilərin və tələbələrin ifasında şəhidlərə həsr olunmuş vətənpərvərlik mövzusunda şeirlər səsləndirildi. Saat 12:00-da rayon ərazisində bir dəqiqəlik sükut elan olundu.
Rayon İcra Hakimiyyətinin başçısı şəhid ailələri ilə səmimi söhbət zamanı onlar göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etdilər.
Tədbir çərçivəsində ekoloji aksiya da təşkil olundu.
Şəhidlər Xiyabanının yaxınlığındakı ərazidə ağacəkmə kampaniyası keçirildi, yeni həmişəyaşıl ağaclar əkildi. Bu təşəbbüs şəhidlərin xatirəsinin əbədiləşdirilməsi və gənclərdə vətənpərvərlik hissinin gücləndirilməsi məqsədi daşıyır.
Beləliklə, Qubada keçirilən tədbir bir daha sübut etdi ki, şəhidlərimizin xatirəsi daim əziz tutulur və gələcək nəsillərə vətənpərvərlik dərsi olaraq ötürülür.