27 Sentyabr - Anım Günü ilə əlaqədar Quba rayonunda ağacəkmə aksiyası və silsilə anım tədbirləri təşkil olunub. Ağacəkmə aksiyasında rayon icra hakimiyyətinin başçısı İlqar
Mahmudov, Millət vəkili Vahid Əhmədov, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri, müxtəlif idarə, təşkilat və müəssisələrin kollektivləri, şəhid ailələri və qazilər xiyabanın qarşısındakı yaşıllıq zolağına müxtəlif ağac tingləri əkdilər. Anım tədbiri Şəhidlər xiyabanında davam etdirilib. Şəhidlərimizin məzarları ziyarət olunub, üzərilərinə təzə gül dəstələri düzülüb, əziz xatirələri ehtiramla anılıb. Anım tədbirində çıxış edənlər bildirdilər ki, Vətən Müharibəsinin başlanmasından üç il ötür: 2020-ci ilin sentyabrın 27-də Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin növbəti hərbi təxribatlarının, döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə bütün cəbhə boyu əks-hücum əməliyyatlarına başladı. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirdi.Prezident İlham Əliyev 2 dekabr 2020-ci il tarixdə sentyabrın 27-nin Azərbaycan Respublikasında Anım Günü kimi təsis edilməsi haqqında Sərəncam imzalayıb. Anım Günü ilə əlaqədar bu gün rayonda bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulub. Saat 12:00-da şəhər ərazisində Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Nəqliyyat vasitələri və piyadaların hərəkəti dayandırılıb.