QUBADA 20 YANVAR ŞƏHİDLƏRİNİN XATİRƏSİ ANILDI

Quba rayonunda 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar yanvarın 20-də - Ümumxalq Hüzn Günündə şəhidlərin xatirəsi anılıb. Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, YAP Quba rayon təşkilatının sədri, rayonun hüquq-mühafizə orqanlarının, ictimai təşkilatların, idarə və müəssisələrin rəhbərləri və din xadimləri tərəfindən 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar Quba rayon Şəhidlər Xiyabanı ziyarət olunub. Şəhidlərin ruhuna dualar oxunub, məzarları üzərinə tər güllər düzülüb. Rayon İcra Hakimiyyətinin başçısı şəhid ailələri və 20 Yanvar əlilləri ilə səmimi söhbəti edib. Söhbət zamanı onlar göstərilən diqqətə və qayğıya görə ölkə rəhbərinə və Birinci vitse-prezidentə minnətdarlıqlarını bildiriblər. Rayon ərazisində saat 12:00-da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra Rayon İcra Hakimiyyətinin başçısı aidiyyəti şəxslərlə birlikdə Quba şəhər qəbirstanlığında dəfn olunmuş 20 Yanvar şəhidi Raqib Hüseynovun və digər şəhidlərin məzarlarını ziyarət edib, şəhidlərin ruhuna dualar oxunub, məzarları üzərinə tər güllər düzüb, əziz xatirələrini ehtiramla anıblar. Eyni zamanda, Küçeyi kənd qəbirstanlığında 20 Yanvar şəhidi Elçin Qeybullayevin məzarı da ictimaiyyət tərəfindən ziyarət olunmuşdur. Şəhidlər Xiyabanının ziyarəti gün ərzində davam edib. Qanlı Yanvar hadisələrindən 36 il keçməsinə baxmayaraq, Azərbaycan xalqı şəhidlərinin xatirəsini daim uca tutur, onların qəhrəmanlığını böyük ehtiramla yad edir və əziz xatirələrini qəlbində yaşadır.