Sumaq Türk mətbəxində ən çox istifadə olunan ədviyyatlar arasındadır. Bu bitki yeməklərə turşməzə dad verən faydalı ədviyyatlar arasında yer alır. Sumax
hündürlüyü 3 metrə çatan ağaclarda bitən xırda qırmızı rəngdə olan meyvədir. Bu bitkini yığım vaxtı əsasən avqust və sentyabr aylarına təsadüf edir. 250 - ə yaxın növü olan bu bitkiyə Quba rayonunda daha çox Zərqava inzibati ərazisinə daxil olan Qasımqışlaq kəndində rast gəlinir. Qasımqışlaq kəndi dənizə səviyyəsindən təxminən 450 metr hündürlükdə yerləşir. Kəndin ərazisi 98 HA yaxındır. Kənddə 143 nəfər əhali yaşıyır. Kənd əhalisinin əsas məşğuliyyəti maldarlıq və taxılçılıqdır. Ancaq bu kənddə yaşayanların ilin avqust-sentyabr aylarında gəlir götürdükləri daha bir sahə var. Bu sumax toplamaqdır.
Yabanı halda yetişən bu bitkini kənd sakinləri toplayır və ondan gəlir əldə edirlər. Yazlıq və payızlıq növü olan sumağın xüsusi yığılma qaydaları var. Belə ki, sumağı əsasən bağ qayçısı vasitəsi ilə toplayırlar. Bir insan gün ərzində maksimum 1 kisə sumaq yığa bilər. Bir kisə xammaldan 3-4 kiloqram sumax alınır. Sumağın emal qaydası da fərqlidir. Belə ki, toplanan bitki əvvəlcə qurudulur. Qurumuş xammal dəyənəklə döyülür, nəticədə meyvə zoğdan ayrılır. Sumağın 1 kiloqramı təxminən 25 – 27 manat arasında dəyişir. Bitkinin tumları ayrıldıqdan sonra bir qədər də qurudulur və ələnir. Tumlar toyuq-cücəyə və mal qaraya verilir. Yeməklərdə istifadə etdiyimiz sumaq meyvənin qabığıdır. Ədviyyat kimi sumaq lülə kabab, qızardılmış ət, göy və ət qutabına xüsusi dad verir. Habelə sumaxdan boyaq maddəsi kimi də istifadə edirlər. Sumağın insan orqanizmi üçün bir çox faydaları var. Belə ki, sumax infeksion xəstəliklərin qarşısını alır, dərini müdafiə edir, ürəyi və qaraciyəri qoruyur, tənəffüs və həzm problemlərini aradan qaldırır, habelə sumaq qanın təmizləməsi və boğaz ağrısının müalicəsi üçün faydalıdır.