QUBA RİH – NİN BAŞÇISI QAZİLƏRLƏ GÖRÜŞÜB

Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev Rayon İcra Hakimiyyətinin akt zalında Zəfər Günü münasibətilə Vətən Müharibəsi qaziləri və iştirakçıları ilə görüş keçirilib. Görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, RİHB aparatının digər məsul şəxsləri, YAP Quba rayon təşkilatının sədri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, RİH başçısının İnzibati Ərazi Dairələr üzrə nümayəndələri və bələdiyyə sədrləri iştirak ediblər. Görüşün əvvəlində müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda müqəddəs şəhidlik zirvəsinə ucalmış bütün vətən övladlarının əziz xatirələri bir dəqiqəlik sükutla yad olunub. Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev geniş çıxış edərək görüş iştirakçılarını qarşıdan gələn 8 Noyabr - Zəfər Günü münasibətilə təbrik etmiş, müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli Silahlı Qüvvələrimizin 44 günlük Vətən Müharibəsində qazandığı Tarixi Qələbə barədə ətraflı danışmışdır. Rayon İcra Hakimiyyətinin başçısı Vətən Müharibəsi qaziləri və iştirakçıları tərəfindən qaldırılan məsələlərin qısa vaxt ərzində həlli məqsədilə aidiyyəti şəxslərə müvafiq tapşırıqlar vermişdir. Rayon rəhbəri görüşə yekun vuraraq bir daha hər kəsi qarşıdan gələn Zəfər Günü münasibətilə təbrik etmiş, şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına bundan sonra da diqqət və qayğı göstəriləcəyini bildirmişdir.