QUBA RİH BAŞÇISININ NOVRUZ TƏBRİKİ
Baxış sayı: 433
Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyevin Novruz bayramı münasibətilə rayon ictimaiyyətinə T Ə B R İ K İ Əziz qubalılar, Qədim dövrlərdən bəri Azərbaycan xalqının mənəvi həyatının ən dərin qatlarına nüfuz etmiş, milli-mədəni dəyərlərimizin təşəkkülündə müstəsna yer tutmuş və xalqımızın uzaq keçmişdən sevə-sevə bu günümüzə qədər yaşatdığı Novruz bayramı münasibətilə Sizlərin hər birinizi şəxsən öz adımdan və Rayon İcraHakimiyyətinin bütün kollektivi adından ürəkdən təbrik edir, hamınıza bahar əhval-ruhiyyəli günlər və xoşbəxtlik arzulayıram. Baharın yurdumuza hər gəlişi əsrlərin yaddaşında iz qoymuş mərasimlərimizə uyğun, yüksək təntənə ilə qeyd olunur. Onun gəlişi ilə təbiət canlanır, yenilənir, insanların məişətində, dolanışığında və əhval-ruhiyyəsində kəskin dönüş yaranır. Minilliklərin sınağındançıxmış, mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruz insanlar arasında birliyin və barışığın rəmzi omaqla yanaşı, həm də xeyirxahlıq, qonaqpərvərlik, səmimiyyət, xeyir-bərəkət və bolluq bayramıdır. Novruz bayramının bu gün əsl ümumxalq bayramı mahiyyəti qazanması dövlət müstəqilliyimizin nailiyyətlərindəndir. Xalqımız öz dövlət müstəqilliyini əldə etdikdən sonra Novruzun daha böyük təntənə ilə, dövlət səviyyəsində qeyd edilməsinə başlandı. Bu isə cari ildə anadan olmasının 100 illiyini böyük ehtiramla qeyd etdiyimiz, xalqımızın Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun əsl vətəndaşlıq mövqeyi nəticəsində Novruz bayramının dövlət səviyyəsində qeyd olunması istiqamətində böyük işlər görülmüş və indi Novruz xalqımızın milli bayramı olmaqla yanaşı, həm də dövlət bayramıdır. Respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın mədəniyyətimizin təbliği istiqamətindəki əvəzsiz xidmətləri və gərgin fəaliyyəti nəticəsində xalqımızın bir neçə digər maddi-mənəvi dəyərləri kimi Novruz bayramı da YUNESKO tərəfindən Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Siyahısına daxil edilmişdir. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun 44 günlük Vətən Müharibəsində əldə etdiyi parlaq tarixi Qələbəmizin qat-qat gücləndirdiyi xoş bahar ovqatı içində, artıq üçüncü ildir ki, azadlığına qovuşmuş Qarabağda və Şərqi Zəngəzurda sürətli bərpa, quruculuq və tikinti işləri aparılmaqda, doğma yurd yerlərimiz abadlaşdırılaraq öz əvvəlki dinc həyatına qaytarılmaqdadır. Bu bayram günü biz həmçinin Vətənimizin ərazi bütövlüyü naminə canlarından keçmiş rayonumuzun mərd oğullarını da yad edir, bütün şəhidlərmizin ruhu qarşısında baş əyir, onlara Allahdan rəhmət, yaxınlarına səbr, qazilərimizə can sağlığı arzulayırıq. Bildiyiniz kimi, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan edilmişdir. Azərbaycanlı olması ilə hər zaman fəxr etmiş, tükənməz dövlət idarəçiliyi istedadına malik olmuş, milli qürur və iftixar mənbəyimiz olan Ulu Öndər Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. “Heydər Əliyev İli” çərçivəsində rayonumuzda da bir sıra tədbirlərin və aksiyaların keçirilməsi nəzərdə tutulmuşdur. Hazırda respublikamızda geniş miqyaslı və çoxşaxəli iqtisadi islahatlar, Dövlət Proqramları və Strateji Yol Xəritələri uğurla icra olunur. Ötən il respublikamızda icrası nəzərdə tutulan mühüm infrastruktur layihələri davam etdirilmiş, daxili və xarici siyasətin bütün sahələrində mühüm uğurlar əldə etmişdir. Bu gün ana yurdumuz Azərbaycan regionda və beynəlxalq miqyasda ictimai- siyasi sabitlik məkanı, multikulturalizm və tolerantlıq örnəyi, həmçinin siyasi, iqtisadi və mədəni mərkəz kimi tanınır. Ölkəmizin dünyadakı nüfuzu və qüdrəti günbəgün artmaqdadır. Əziz həmyerlilər, Şübhəsiz ki, baharın gəlişi ilə rayonumuzda həyat daha da canlanacaq, tikinti və abadlıq işləri genişlənəcək, şəhərimizin, qəsəbə və kəndlərimizin daha gözəl olması üçün hamı səylə çalışacaqdır. Mən bir daha hər bir rayon sakinini bu gözəl el bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, sizlərə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ətrafında daha sıx birləşməklə rayonumuzun və respublikamızın tərəqqisi naminə müvəffəqiyyətlər diləyir, möhkəm cansağlığı, xoşbəxtlik və ailə səadəti arzulayıram. Qoy, Novruz hər bir evə, hər bir ocağa xeyir-bərəkət, ölkəmizə yeni- yeni uğurlar gətirsin. Ocaqlarınız daim yansın, süfrələriniz bol ruzili olsun. Bayramınız mübarək! Hörmətlə, Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev