QUBA RAYONUNDA İNGİLTƏRƏDƏN GƏTİRİLƏN ÇİYƏLƏK SORTLARININ YETİŞDİRİLMƏSİNƏ BAŞLANILIB.

 Kənd təsərrüfatı ölkənin sosial-iqtisadi problemlərinin həllində, xüsusən də regionlarda yaşayan insanların məşğulluğunda müstəsna rol oynayır. Bu sahənin daha da inkişaf etdirilməsi məqsədi ilə bir sıra işlər həyata keçirilir.

Görülən işlər çərçivəsində ölkəmizə xarici dövlətlərdən bitki sortlarının gətirilməsinə başlanılıb.Quba rayonun da yerləşən Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu İngiltərə şirkəti ilə əməkdaşlıq çərçivəsində giləmeyvə bitkiləri üzrə yeni layihənin icrasına başlayıb.Layihənin əsas məqsədi ölkəmizdə İngiltərə mənşəli çiyələk sortlarının yetişdirilməsi və yeni texnologiyanın tətbiqindən ibarətdir. İnstitut tərəfindən çiyələk bitkisinin 5 sortu ölkəmizə introduksiya edilib və onlar üzərində tədqiqat işləri aparılır. Hazırda “Kupid”, “Fenella”, “Kristin”, “Flomenko” və “Florens” sortları mütəxəssislər tərəfindən müşahidə olunur. Yeni texnologiyaya əsasən çiyələk bitkisi tirə üsulu ilə əkilir.Bitkilərin suya olan tələbatını ödəmək üçün damla suvama sistemindən istifadə olunur.Tirələr təxminən 10-15 santimetr hündürlükdə olur. Çiyələk bitkisinin bu üsulla əkilməsi torpağın rütubətini artırır və qış şaxtaları zamanı bitkinin köklərinin donmasının qarşısını alır.