QUBA RAYON İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI GÖRÜLƏN İŞLƏRLƏ MARAQLANIB

Qubanın Alpan kəndində üçəm körpələri dünyaya gələn Ələkbərovlar ailəsi üçün Heydər Əliyev Fondu tərəfindən  inşa olunan fərdi yaşayış evi 4 otaqdan və mətbəxdən ibarətdir.

Evin tikintisi vəziyyəti ilə maraqlanan Quba rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyevə məlumat verilib ki, evin yaşayış sahəsi 110 kv metrdir.Hörgü və santexnik işləri yekunlaşıb,hazırda dam örtüyü vurulur, suvaq işləri görülür.Evin ətrafında 53 metr uzunluğunda, 2 metr hündürlüyündə  hasar tikilir.Gələn ayın 2-ci ongünlüyündə Ələkbərovlar ailəsinə təhfil verilməsi nəzərdə tutulan bu evin hasar da daxil fasad hissəsi boyalanacaq, həyətə giriş hissəsinə və hərəkət zolaqlarına üzlük tamet daş döşənəcək, yaşıllıq salınacaq.

Onu da xüsusi vurğulayaq ki, Heydər Əliyev Fondu tərəfindən həm üçəm övladları dünyaya gələn həm də vətən torpaqlarımızın müdafiəsi yolunda şəhid verən Ələkbərovlar ailəsi üçün fərdi yaşayış evinin tikilməsini alpanlılar böyük razılıq hissi ilə qarşılayıblar.Həmçinin yeni inşa olunan Susay-Xınalıq yolunun Alpan kəndi hissəsindən keçən hissəsində asvalt işlərinin və körpünün tikintisinin başa çatdırılması da bu yaşayış məntəqəsi sakinlərinin sevincinə səbəb olub. Həm bu körpüyə, həm də ümumilikdə Alpan-Susay-Xınalıq yolunun inşası vəziyyətinə  baxış keçirən Quba rayon icra hakimiyyətinin başçısına məlumat verilib ki, Quruçay üzərindəki körpü artıq istifadədir.Hazırda körpü ətrafı bəndlərin tikintisi, betonlama işləri aparılır.Ümumilikdə bu yolun Susay kəndinin girişinədək olan 19 km-lik hissəsində  asvalt işləri başa çatdırılıb, Quruçayın Susay kəndindən keçən hissəsində körpü tikintisi aparılır.Susaydan Xınalıq kəndi istiqamətindəki dağlıq ərazilərdə də yol çəkilişi işləri sürətləndirilib. Ümumilikdə dövlətimizin qubalıların yaşam vəziyyətinin, sosial rifahının daha da yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi  bu cür layihələr vətəndaşlar tərəfindən rəğbətlə qarşılanır.