QUBA RAYON İCRA HAKİMİYYƏTİ NÖVBƏTİ VİDEOKONFRANSINI KEÇİRİB

Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevin inzibati ərazi dairə nümayəndələri (İƏD) və kommunal xidmət sahələri rəhbərləri keçirdiyi onlayn müşavirədə rayonda koronavirus pandemiyasına qarşı mübarizə məqsədilə həyata keçirilən tədbirlər,

sanitar-profilaktik və dezinfeksiya işlərinin gedişi, həmçinin xüsusi karantin rejimində məhdudiyyətlərin bir qisminin yumşaldılması barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarından irəli gələn məsələlər geniş müzakirə olunub. Videomüşavirədə rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyev çıxış edərək, koronavirus (COVID-19) infeksiyası ilə bağlı ölkədəki mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən, Operativ Qərargah tərəfindən xüsusi karantin rejiminin 2020-ci il 31 may saat 00:00-dək uzadıldığını, eyni zamanda, əhali arasında virusa yoluxma və xəstələrin sağalma dinamikası nəzərə alınmaqla tətbiq edilən bir sıra məhdudiyyətlərin yumşaldılması barədə qərar qəbul olunduğunu bildirib. Videomüşavirədəki çıxışında mövcud şəraitdə aparılan dezinfeksiya işlərinə və əhalini narahat edən digər məqamlara da toxunan icra hakimiyyətinin başçısı özünütəcrid şəraitində qalan aztəminatlı ailələrə göndərilən ərzaq sovqatlarının çatdırılması məsələsini də qeyd edib, proses zamanı şəffaflığın və çevikliyin tam təmin olunmasının zəruriliyini diqqətə çatdırıb. Sakinlərlə əlaqə saxlamaq, onların qayğıları və tələbləri ilə daha yaxından maraqlanmaq, vaxtında tədbirlər görmək, yerlərdə ictimai işlərdə çalışan şəxslərin fəaliyyətinə nəzarət etməyin vacibliyini vurğulayan rayon rəhbəri bu istiqamətdə qanunazidd hallara yol verilməməsi ilə bağlı yerli icra nümayəndələri qarşısında ciddi vəzifələr qoyub.Onlayn müşavirədə yerli icra nümayəndələri və kommunal xidmət sahələrinin rəhbərləri pandemiya dövründə inzibati ərazilərdə görülmüş işlərlə bağlı hesabat veriblər.Eyni zamanda yerlərdə kommunal xidmətlərin daha da yaxşılaşdırılması,bu istiqamətdə həlli vacib məsələlər də ətraflı müzakirə olunub.Videomüşavirədə Quba rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyev rayon sakinlərini şəxsi gigiyenaya, tibbi-profilaktik qaydalara əməl etməyə, yalnız zəruri hallarda evdən çıxmağa, ictimai yerlərdə digər şəxslərlə minimum kontaktda olmağa, dövlət tərəfindən həyata keçirilən tədbirlərə yaxından dəstək göstərməyə çağırıb, Operativ Qərargahın qərarlarının icrası ilə bağlı tapşırıq və tövsiyələrini verib.