QUBA PREZİDENT SEÇKİLƏRİNƏ TAM HAZIRDIR

Fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Səsverməyə iki gün qalmış Quba rayonunda seçkilərlə bağlı hazırlıq işləri tamamlanıb. 59 saylı Quba seçki məntəqəsi üzrə, 69 məntəqədə 50953 seçici qeydiyyata alınıb. Qeydiyyata alınan seçicilərin 2480 nəfəri ilk dəfədir ki, seçkilərdə iştirak edir. Seçki prosesini izləyəcək yerli müşahidəçi sayı isə 980 nəfərdir.Məntəqələr seçkiyə tam hazır vəziyyətdədir, bülletenlər və yekun protokolları məntəqələrə çatdırılıb. Həmçinin seçki günü proseslərin əvvəldən axıradək, birbaşa və arasıkəsilmədən izlənilməsi məqsədilə seçki məntəqəsində 2 veb-kamera quraşdırılıb.60 saylı Quba-Qusar seçki məntəqəsi üzrə ümumilikdə 52473 seçici qeydiyyata alınıb. Seçicilərin 11.931 nəfəri Qusar, 40452 nəfəri isə Quba üzrədir. Qusar rayonu üzrə 18 məntəqə, Quba rayonu üzrə isə 43 məntəqə fəaliyyət göstərir. Qeydiyyata alınan seçicilərin 2885 nəfəri ilk dəfədir ki, seçkilərdə iştirak edir. Qeydiyyata alınan seçicilərin 3 nəfəri 100 yaşından yuxarı, 816 nəfəri isə 80-100 yaş arası olan seçicilərdir. Seçki məntəqələrində 9 veb-kamera quraşdırılıb. Xatırladaq ki, növbədənkənar prezident seçkilərində yeddi namizəd var: hazırkı dövlət başçısı və Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev; namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc; Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev; Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa; Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev; Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev; namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev.