QUBA GƏNCLƏRİ ÖDÜLLƏNDİRİLİB

2 Fevral-Gənclər günü münasibətilə Qubada keçirilən tədbirin iştirakçıları öncə rayon idmançılarının 2019-cu il ərzində əldə etdiyi nailiyyətlərin əks olunduğu sərgi ilə tanış olublar.Gənclərə dövlət qayğısı və onların ölkə həyatındakı fəal rolu mövzusundan bəhs edən videoçarx nümayiş olunub.

Çıxış edən Quba rayon Gənclər və İdman idarəsinin rəisi Mustafa Nöhbalayev ötən il Quba gənclərinin ictimai-siyasi,mədəni və yaradıcılıq sahələrindəki fəallıqları ilə yanaşı respublika və beynəlxalq səviyyəli idman yarışlarında əldə etdikləri nailiyyətlərdən bəhs edib.Gənclər günü münasibətilə iştirakçıları təbrik edən Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev vurğulayıb ki, bu günün təsis olunması Heydər Əliyevin gəncliyə göstərdiyi diqqət və qayğının bir nümunəsi idi. Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunub. 1996-cı ildən başlayaraq Azərbaycanda Gənclər günü qeyd olunandan sonra digər MDB ölkələrində və Şərqi Avropa dövlətlərində də bu gün qeyd olunmağa başladı. Azərbaycanda hər il Gənclər günündə bütün istiqamətlər üzrə fəaliyyət göstərən gənclər yekun hesabat verirlər.Sevindirici haldır ki,qubalı gənclər də 2019-cu ilin yekunlarını böyük nailiyyətlərlə başa vurublar.Çıxış edən ağsaqqallar, ictimaiyyət nümayəndələri bu gün ölkəmizdə icrası uğurla davam etdirilən Dövlət Gənclər siyasətinin əhəmiyyətindən,dövlət başçımız İlham Əliyevin gənclərə diqqət və qayğısından,dövlət idarəçiliyində istedadlı,savadlı gənclərə etimad göstərməsindən razılıqla söhbət açıblar.Tədbir çərçivəsində ötən il müxtəlif sahələrdə nailiyyətlər qazanan gənclərə Quba Rayon İcra Hakimiyyəti və  Gənclər və idman idarəsinin fəxri fərmanları hədiyyələri təqdim olunub.Gənclərin vətənpərvərlik mövzusunda söylədikləri şerlər,ifa olunan mahnılar,milli rəqs nümunələri, əyləncəli oyunlar tədbiri daha da rövnəqləndirib.