QUBA BƏLƏDİYYƏSİNİN HESABAT İCLASI KEÇİRİLİB
Baxış sayı: 26
Quba şəhər Bələdiyyəsi ötən ilin yekunlarına həsr olunan hesabat yığıncağı keçirib. Hesabat yığıncağında bələdiyyə üzvləri, məhəllə komitələrinin sədrləri və şəhər sakinləri iştirak edib. Hesabat yığıncağını giriş nitqi ilə açan Quba şəhər Bələdiyyəsinin sədri Allahverdi Xudaverdiyev geniş məruzə ilə çıxış edib və ötən ildə bələdiyyənin gördüyü işlərdən danışıb. Artıq öz həllini tapmış problemlər və gələcəkdə həlli nəzərdə tutulmuş problemlər barədə bilgi verib. O bildirib ki, Quba rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudovun tövsiyələri əsasında şəhərdə mühüm abadlıq işləri həyata keçirilir. Vurğulanıb ki, bələdiyyənin əsas məqsədi şəhər İcra Hakimiyyəti ilə birlikdə bu inkişafı sürətləndirmək, sakinlərin yaşayış şəraitini yaxşılaşdırmaq və ictimai infrastruktu daha da gücləndirməkdir. Sonra çıxış edən Bələdiyyə sədrinin müavini Nizaməddin Əmrullayev qeyd edib ki, hesabatdan da göründüyü kimi il ərzində Quba şəhər bələdiyyəsi ərazidə diqqətə layiq işlər görüb. Lakin görülməsi vacib olan işlərin də çox olduğunu diqqətə çatdırıb. Tədbirdə çıxış edən Bələdiyyə üzvləri Hüseynağa Baxışov və Şahin Musayev çıxış edərək bildiriblər ki, məhəllə komitələri ilə sıx əməkdaşlıq sakinlərin problemlərinin operativ həllinə, ictimai nəzarətin gücləndirilməsinə və yerli özünüidarəetmənin daha funksional şəkildə həyata keçirilməsinə şərait yaradır. Tədbirdə bu istiqamətlər üzrə qarşıdakı dövrdə görüləcək işlər, mövcud strukturların təkmilləşdirilməsi və sakinlərlə əlaqələrin daha da gücləndirilməsi üçün təkliflər səsləndirilib. Sonda hesbat yığıncağı qarşılıqlı fikir mübadiləsi ilə yekunlaşıb.
