Quba deyəndə ağla ilk gələn nemətlərdən biri də baldır. Xüsusilə rayonun dağ kəndlərində əsrlərdir davam edən arıçılıq ənənəsi bu məhsula xüsusi şöhrət qazandırıb.
Xınalıq, Qrız, Cek və Əlik kimi dağ kəndlərinin adı təbii dağ balı ilə daha çox hallanır. Lakin son illər turistlərin diqqətini cəlb edən bu məhsul ətrafında başqa problem də yaranıb – təbii bal adı ilə saxta məhsulların satılması. Bəs əsl Quba balını digər məhsullardan fərqləndirən nədir? Arı ailələrinə necə qulluq edilir və keyfiyyətli balın əldə olunması üçün hansı şərtlərə əməl olunmalıdır? Mütəxəssislərin sözlərinə görə, saxta balın hazırlanmasında müxtəlif şəkərli məhsullardan, rəngləndiricilərdən və digər komponentlərdən istifadə edilə bilər. Bu səbəbdən turistlərin xüsusilə diqqətli olması vacibdir. Qubaya gələn turistlərin bir qismi bölgədən bal almağı səfərin ayrılmaz hissəsi hesab edir. Məhz bu tələbat bəzi işbazların da marağına səbəb olur. Təbii Quba balı adı altında mənşəyi və tərkibi bəlli olmayan məhsulların satılması həm istehlakçını aldadır, həm də illərdir arıçılıqla məşğul olan təsərrüfatların nüfuzuna zərər vurur. Məncə Quba balının şöhrətini qorumaq üçün təkcə arıçının zəhməti kifayət deyil. İstehlakçı diqqətli olmalı, satıcı məhsulun mənşəyinə və keyfiyyətinə fikir verməli, nəzarət qurumları isə saxta məhsul satışına qarşı mübarizəni gücləndirməlidir. Çünki Qubadan alınan bal yalnız bir məhsul deyil, həm də rayonun adı və yerli arıçının əl əməyidir.
