QISA ŞAİR ÖMRÜNÜN ƏN MƏNALI FİKİRLƏRİ

İyunun 8-də Siyəzəndə 9-cu Şairlər gününün qeyd olunması ilə əlaqədar Azərbaycan Yazıçılar Birliyi və Siyəzən rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Mikayıl Müşfiqin xatirəsinə həsr olunan

ədəbi-bədii tədbir keçirilib.Tədbir iştirakçıları öncə Mikayıl Müşviqin Siyəzəndəki büstü onünə tər çiçəklər düzüblər. Gənclər mərkəzində davam etdirilən tədbirdə çıxış edən Siyəzən rayon icra hakimiyyətinin başçısı Novruz Novruzov bildirib ki,bu günlərdə   oxu tar, səni kim unudar, yenə o bağ olaydı yazan  şairin anadan olmasının  111 ili tamam oldu. Dünyadan gənc yaşlarında köçməsinə başmayaraq ürəklərdə bir əbədiyyət nəğməsi yazdı Mikayıl Müşfiq.Onun ömür kitabını vərəqləyərkən gənc yaşlarında həyatı tərk edən bir şairin çoxsaylı əsərlərinə heyrətlənməyə bilmirsən. Şübhəsiz, məsələ təkcə əsərlərin sayında deyil. Hər biri şedevr hesab olunmağa layiq bu əsərlərin hər misrası, hər bəndi həyatdan nakam köçmüş müəllifin özü ilə oxucusu arasında yaratdığı əbədi mənəvi körpüdən xəbər verir.

Tədbirdə çıxış edən Şairlər günü layihəsinin rəhbəri, şair Xəyal Rza  və Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid vurğulayıblar ki,Şairin zəngin ədəbi irsinə şeirdən tutmuş poemayadək lirik növün əksər janrları daxildir. Dərin emosionallıq, ahəngdarlıq, yığcamlıq Mikayıl Müşfiq poeziyasının əsas bədii keyfiyyətləridir. O, lirik-epik lövhələrin, peyzajların ən mükəmməl nümunələrini yaradıb.