QEYRİ-SABİT HAVA ŞƏRAİTİ BU TARİXDƏ BİTƏCƏK

Azərbaycanın rayonlarında oktyabrın 16-sı gündüzədək qeyri-sabit, yağıntılı hava şəraitinin davam edəcəyi, fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bilgi verilib. Qazax-Gəncə, Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran və Lənkəran-Astarada yağıntıların leysan xarakterli olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, habelə Lənkəran-Astara bölgəsinin bəzi çaylarında qısamüddətli daşqın olacağı və sel keçəcəyi ehtimalı var. Bakıda və Abşeron yarımadasında oktyabrın 15-16-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Əsasən gecə və axşam saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Gün ərzində cənub-şərq küləyi üstünlük təşkil edəcək. Havanın maksimal temperaturu 17-21 dərəcə isti olacaq.