Mayın 10-da Qubada Vətən müharibəsi iştirakçısı, III qrup əlil
Elgün Nəsrullayev üçün təntənəli toy mərasimi keçirilib. Üç ildir nişanlı olan qaziyə belə bir toy hədiyyəsini Quba rayon İH başçısı Ziyəddin Əliyev bəxş edib. Bir neçə gün əvvəl qazinin Ərməki kəndində yaşadığı evə baş çəkən rayon rəhbəri yaşayış evinin çox bərbad və təmirsiz olduğunu öyrənib. İcra başçısına o da bildirilib ki, evi olmadığından Elgün Nəsrullayev özünə toy edə bilmir. Rayon rəhbərinin tapşırığı ilə Ərməki kəndində qaziyə torpaq sahəsi ayrılıb və Mayın 10-da həmin sahədə yeni evin təməlqoyma mərasimi keçirilib. Təməlqoymadan sonra Qubadakı şadlıq saraylarındsn birində Vətən Müharibəsi qazisi Elgün Nəsrullayevə möhtəşəm toy məclisi qurulub. Toy şənliyində Quba rayon İH-nin rəsmiləri, hüquq-mühafizə orqanlarnın rəhbərləri, millət vəkilləri, qazilər, şəhid ailələri, ictimaiyyət nümayəndələri, qazinin ailə üzvləri, kənd sakinləri və keçmiş döyüşçülər iştirak edib. Ziyəddin Əliyev yeni ailə quran cütlüyə ən xoş arzularını bildirib, onların problemlərinin həllində həmişə dövlətin dəstək olacağını deyib.Vətən müharibəsi qazisinin toy mərasimində çıxış edənlər yeni ailə quran gənclərə xeyir-dua verib, həmçinin Vətən müharibəsi iştirakçılarına, şəhid ailələrinə göstərilən dövlət qayğısından danışıblar. Qeyd edək ki, Vətən Müharibəsində Xocavənd, Füzuli və Cəbrayıl uğrunda gedən döyüşlərdə fəal iştirak edən qazi Elgün Nəsrullayev Azərbaycan Prezidenti İlham Əliyevin bu rayonların azad olunmasına görə təsis edilən 3 döyüş medalı ilə təltif edilib.
{youtube}CYwyZ9muy2A{/youtube}