Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin Seysmik Müşahidələr və Tədqiqatlar üzrə Milli Elmi Mərkəzi ötən gün səhər saatlarında Almatıdan 31 km aralıda 6,1 bal gücündə zəlzələ baş
verdiyi barədə bilgi yayıb. Daha sonra 5,2 bal gücündə daha bir təkan qeydə alınıb. Yeraltı təkanları Qırğızıstan sakinləri də hiss ediblər.
Həyəcan siqnalından sonra Almatı sakinləri binaları tərk edərək küçələrə axışıblar. Qazaxstan KİV-ləri xəbər verir ki, VolcanoDiscovery xidməti martın 2-dən martın 4-dək Çin və Qazaxıstan sərhəddində baş verən üç zəlzələni qeydə alıb.
Qırğızıstanın Seysmologiya İnstitutunun verdiyi bilgiyə görə, zəlzələnin mənbəyi ölkə ərazisində olub. Çolpon-Ata sakinləri dörd bal gücündə yeraltı təkanlar hiss ediblər, Bişkekdə, Karakolda və Kumtor mədənində zəlzələnin intensivliyi 3,5 bal olub.
Martın 4-də Almatıda baş verən zəlzələ 2024-cü ilin əvvəlindən, bu yana ən güclü zəlzələlərdən biri olub. Bu barədə seysmoloji xidmətlər bürosu bildirib.
Xatırladaq ki, analoji güclü zəlzələ 2024-cü il yanvarın 23-nə keçən gecə Almatıda baş verib. Daha sonra yeraltı təkanlar beş bala çatıb.