Media sahəsi hər zaman dinamik və yeni-yeni bilgilər əldə etməyi, hər bir yenilikdən bilgili olmağı tələb edir. Bunu hər daim diqqətdə saxlayan televiziyamız və əməkdaşlarımız da təlimlər, seminarlar və s. kimi proqramlara qatılaraq özlərini inkişaf etdirirlər. Bəs bu dəfə Qafqaz TV əməkdaşları hansı beynəlxalq inkişaf proqramında iştirak edib?
Ötən həftə Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi – TİKA və Türkiyə Radio və Televiziya Qurumunun (TRT) əməkdaşlığı ilə Bakıda təşkil olunan "Yeni Media Jurnalistikası" təlimi keçirilib. 5 gün davam edən təlimdə dijital mediya, sosial şəbəkələrdə xəbərçilik, xəbər və videolara düzgün və cəlbedici başlıqların seçilməsi və.s mövzulardan geniş bəhs edilib. Müxtəlif video və filmlər nümayiş olunub. Seminarın bağlanış mərasiminə Türkiyənin Azərbaycandakı səfiri, TİKA-nın və TRT-nin Bakı təmsilçisi qatılıb. Mərasimdə çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bu gün dünyada rəqəmsal medianın xüsusi yer tutduğunu bildirib. TİKA-nın Bakı Koordinatoru Teoman Tiryaki, TRT-nin Bakı təmsilçisi Murat Akkoç təlimin vacib məqamlarından danışıblar. Bildirilib ki, layihə çərçivəsində ilk mərhələnin seçimləri Azərbaycanla yanaşı Qazaxıstan, Özbəkistan və Qırğızıstanda da keçiriləcək. Birinci mərhələdə müvəffəqiyyət qazanan kurs iştirakçıları İstanbul və Ankarada üst səviyyədə təlim alacaqlar. Sonda təlim iştirakçılarına sertifikatlar təqdim olunub. Sertifikat alanlar arasında Qafqaz TV -nin baş direktoru və əməkdaşları da var. Məlumat üçün deyək ki ,təlimlər TRT-nin Yeni Media Kanal Koordinasiyasının əməkdaşı Ömər Darbaz tərəfindən həyata keçirilib və 5 gün ərzində həyata keçirilən jurnalist təlimlərində Azərbaycanda fəaliyyət göstərən media qurumlarından 30 nümayəndə iştirak edib.