QAFQAZ TV-NİN ƏMƏKDAŞI HƏSƏN BƏY ZƏRDABİ MÜKAFATININ LAUREATI OLDU

1990-cı illərin sonlarında Azərbaycan Jurnalistlər Birliyinin o zamankı sədri, mərhum jurnalist Hacı Hacıyevin təşəbbüsü ilə təsis edilən Həsən bəy Zərdabi adına Media Mükafatı bu gün də ölkənin media sahəsində nüfuzlu mükafatlarından biri hesab olunur.

Ənənəyə uyğun olaraq, Azərbaycan Jurnalistlər Birliyi hər il 22 İyul – Milli Mətbuat Günü münasibətilə çap mediası, televiziya, radio və elektron informasiya resurslarında peşəkar fəaliyyəti ilə fərqlənən jurnalistləri Həsən bəy Zərdabi adına Media Mükafatı ilə təltif edir. Bu il də ənənə davam etdirildi. Media sahəsində səmərəli fəaliyyətinə görə 15 jurnalist – Alqış Həsənoğlu, Anar Niftəliyev, Anar Tağıyev, Elçin Zahiroğlu, Əkbər Qoşalı, Günel Habilqızı, Hüseynbala, Xanım Xatun, İlham Tumas, İqbal Məmmədəliyev, Murat Akkoç, Mübariz Yunus, Nicat Abdullayev, Oktay Hacımusalı və Zərnişan Turan Həsən bəy Zərdabi adına Media Mükafatının laureatı adına layiq görülüblər. Laureatlar arasında Qafqaz TV-nin Yaradıcı Bölməsinin redaktoru Xanım Xatunun da yer alması televiziya kollektivi üçün qürurverici hadisə olub. Qafqaz TV kollektivi adından Xanım Xatunu bu nüfuzlu mükafata layiq görülməsi münasibətilə səmimi qəlbdən təbrik edir, ona gələcək jurnalistlik fəaliyyətində yeni-yeni uğurlar və peşəkar nailiyyətlər arzulayırıq. Qeyd edək ki, bu, Qafqaz TV əməkdaşlarının qazandığı ilk Həsən bəy Zərdabi adına Media Mükafatı deyil. Belə ki, ötən il keçirilən mükafatlandırma mərasimində kanalının icraçı direktoru Eltən Qədimbəyli də bu nüfuzlu mükafatın laureatları sırasında yer almışdı. Bu fakt Qafqaz TV-də peşəkar jurnalistikanın inkişafına verilən önəmin və kollektivin uğurlarının növbəti təsdiqi kimi qiymətləndirilir.