Gözlənildiyi kimi, Rusiya və Azərbaycan prezidentləri Vladimir Putinlə İlham Əliyevin Bakıda müzakirə etdiyi əsas mövzulardan biri “Şimal-Cənub” layihəsi oldu. Şimal-Cənub
nəqliyyat dəhlizi layihəsinin sürətləndirilməsi Moskva üçün strateji əhəmiyyət kəsb edən bir mövzudur. Azərbaycandan keçən bu layihənin işə salınması Rusiyanın Fars körfəzi və Cənub-Şərqi Asiya ilə ticarət əlaqələrini və imkanlarını əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq. Qeyd edək ki, bu səfər həmçinin Ukraynanın Rusiya torpaqlarına girdiyi və döyüşlərin Rusiyada getdiyi bir zamanda baş verir. Vladimir Putin Ukrayna torpaqlarını ilhaqa görə Qərb tərəfindən təcrid olunduqdan sonra müttəfiqlərilə əlaqələrini möhkəmləndirməyə və yenilərini əldə etməyə çalışır. O, Azərbaycanla müttəfiqlik razılaşmasını ordusu Ukrayna torpaqlarına girdiyi günlərdə imzalayıb. Azərbaycanda hökumət, Ukrayna və Qərblə yaxşı münasibətləri saxlasa da, Putinə də heç zaman arxa çevirməyib. Bu dövlət səfəri həm də Rusiya lideri üçün bir fürsətdir ki, yanında olanların az olmadığını dünyaya nümayiş etdirsin. Xatırladaq ki, Putin Azərbaycandan öncəki dövlət səfərini Şimali Koreyaya və Vyetnama edib.