Tver vilayətində göyərtəsində “Vaqner” özəl hərbi şirkətin rəhbəri Yevgeni Priqojinin də olduğu təyyarənin qəzaya uğradığı yerdə tapılan səkkiz nəfərin cəsədi tanınmaz hala düşəcək qədər yanıb. Bu barədə
Rusiya “Telegram” kanalları hadisə yerində olan araşdırma komissiyasının üzvlərinə istinadən məlumat yayıblar. “Həlak olan şəxslərin şəxsiyyətini müəyyən etmək üçün çox güman ki, DNT müayinəsi aparmaq lazım gələcək”, - bilgidə qeyd olunur. Tverdə qəza zamanı təyyarənin göyərtəsində olan “Vaqner” özəl hərbi şirkətin rəhbəri Yevgeni Priqojinin və “Vaqner”in komandiri Dmitri Utkinin yanmış cəsədlərini ilkin olaraq artıq müəyyən etmək mümkün olub. Bu barədə Rusiya hakimiyyətinə yaxın olan “Tsarqrad” informasiya resursu bilgi yayıb. Qəza ilə bağlı ehtimallardan biri kimi göyərtədə partlayış törədilməsi göstərilir. Lakin hələlik bu bilgilər Rusiya hökuməti tərəfindən rəsmi təsdiqlənməyib.