PREZİDENTİN KÖMƏKÇİSİNDƏN ERMƏNİSTANIN İDDİALARINA CAVAB

Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen

Qriqoryan  Slovakiyanın paytaxtı Bratislava şəhərində keçirilən GLOBSEC 2023 Bratislava Forumunda çıxış ediblər. Bu barədə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi bilgi yayıb. Forum çərçivəsində keçirilən "Dinc gələcəyə doğru: "Cənubi Qafqaz üçün yeni şəfəq"  adlı panel müzakirələrində çıxış edən Hikmət Hacıyev bildirib ki, İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan əraziləri uzunmüddətli işğaldan azad olunub. O qeyd edib ki, ərazi bütövlüyünə hörmət prinsipi Azərbaycan üçün çox vacibdir. Hikmət Hacıyev həmçinin tərəflər arasında baş tutan görüşlərə diqqət çəkərək əlavə edib ki, sülh danışıqlarının harada aparılması deyil, daha çox danışıqların mövzusu əhəmiyyət kəsb edir. Armen Qriqoryan isə bildirib ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, lakin Azərbaycanla Ermənistan arasında ən böyük məsələ Qarabağ məsələsidir. O, Ermənistanın sərhədlərin delimitasiyası ilə bağlı 1975-ci il xəritəsini əsas götürməyi təklif etdiyini deyib və əlavə edib ki, Ermənistan öz ərazisində dəhlizin yaradılmasına heç zaman razılıq verməyəcək. Hikmət Hacıyev cavabında bildirib ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanısa da, hələ də erməni hərbçilərinin olduğu Azərbaycana məxsus Qarabağ bölgəsinə silah göndərir. Sərhədlərin delimitasiyası məsələsinə gəldikdə Hikmət Hacıyev vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev 1991-ci il Alma-Ata Bəyannaməsinin əsas götürülməsini dəstəkləyir: “Biz regionda sülh təşəbbüslərini öz əlimizə almalıyıq. Biz Azərbaycan-Gürcüstan-Ermənistan formatını təklif etmişik. Regiondakı nəqliyyat xətlərinin açılması məsələsinə gəldikdə isə, Ermənistan ərazisindən keçən Azərbaycan əhalisinin təhlükəsizliyini təmin etmək üçün hər hansı qüvvələri dəvət etmək Ermənistanın öz işidir. Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli sənəddə bu barədə maddə yer alıb” – deyə prezidentin köməkçisi bildirib.