PREZİDENT İLHAM ƏLİYEV “BAKI KOB EVİ”NİN AÇILIŞINDA OLUB
Baxış sayı: 413
Prezident İlham Əliyev “Bakı KOB evi”nin açılışında iştirak edib. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov paytaxtın Nərimanov rayonunda yerləşən “Bakı KOB evi” barədə dövlətimizin başçısına bilgi verdi. Bildirildi ki, sayca 3-cü olan “Bakı KOB evi”nin ümumi sahəsi 11 min 262 kvadratmetrdir. Üçmərtəbəli binanın ilk iki mərtəbəsi sahibkarlara xidmət göstərilməsi, üçüncü mərtəbə isə işçi heyət üçün nəzərdə tutulub. “Bakı KOB evi” gün ərzində beş min sahibkara xidmət göstərmək potensialına malikdir. Binada yaradılmış görüş, təlim, startap, mediasiya otaqları və konfrans zalı da sahibkarların xidmətində olacaq. “Bakı KOB evi”ndə sahibkarlara 29 dövlət qurumu tərəfindən 150-dən çox, 20 özəl qurum tərəfindən isə 100-dən çox adda xidmətlər göstəriləcək. Qeyd edək ki, KOBİA tərəfindən sahibkarlara informasiya, məsləhət, təlim-tədris, maraqların müdafiəsi, bazarlara və maliyyə resurslarına çıxışın yaxşılaşdırılması, dövlət və özəl qurumlarla əlaqələndirmə və digər istiqamətlərdə dəstək və xidmətlər göstərilir. Bu dəstək və xidmətlər KOBİA-nın ölkənin müxtəlif şəhər və rayonlarını əhatə edən geniş infrastruktur şəbəkəsi - KOB dostları, KOB inkişaf mərkəzləri və KOB evləri vasitəsilə həyata keçirilir. Belə ki, KOB inkişaf mərkəzləri KOB-ların biznes biliklərini artırmaq üçün ödənişsiz olaraq informasiya, məsləhət, təlim və biznes planın hazırlanması xidmətlərini təklif edir. Ölkənin regionlarında KOB-ların maraqlarının müdafiəsi, lazımi dəstək və xidmətlərə çıxışı 38 şəhər və rayonda fəaliyyət göstərən “KOB dostu” şəbəkəsi vasitəsilə reallaşdırılır. Bundan başqa, KOBİA tərəfindən mikro və kiçik sahibkarlıq subyektlərinə onları innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edən “Startap” şəhadətnaməsi verilir, daxili bazar araşdırmasının aparılmasına, təhsil, elm, tədqiqat və dəstək layihələrinə maliyyə dəstəyi göstərilir, onların ödənişsiz olaraq sərgilərdə iştirakına və ticarət şəbəkələrinə çıxışına dəstək təmin olunur.