PREZİDENT İLHAM ƏLİYEV VƏ BİRİNCİ XANIM ŞƏKİ VƏ OĞUZ RAYONLARINA SƏFƏR EDİBLƏR

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva dekabrın 2-də Şəki rayonuna səfər ediblər. Dövlətimizin başçısı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Leyla Əliyeva Ümummilli Lider Heydər Əliyevin Şəki şəhərindəki abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar. Prezident İlham Əliyev dekabrın 2-də Oğuz rayonuna səfər edib.Dövlətimizin başçısı Ulu Öndər Heydər Əliyevin Oğuz şəhərindəki abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub. Elə həmin gün Prezident İlham Əliyev Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz-Şəki hissəsinin yenidənqurmadan sonra açılışında iştirak edib. Uzunluğu 47,2 kilometr olan yolun 7,5 kilometri 1-ci texniki dərəcəyə, 26,1 kilometri 2-ci texniki dərəcəyə, 13,6 kilometri isə 3-cü texniki dərəcəyə uyğun yenidən qurulub. Buraya Oğuz və Şəki şəhərlərinə giriş yollarının, həmçinin “Şəki dairəvi yolu”nun əsaslı şəkildə təmiri də daxildir. Avtomobil yolunun yenidən qurulması ərazidə yaşayan əhalinin daha rahat gediş-gəlişini təmin edərək yük və sərnişin daşınmasını asanlaşdırmaqla iqtisadiyyatın daha da inkişafına müsbət təsir göstərəcək.