PREZİDENT İLHAM ƏLİYEV 6 SAYLI BAKI “ASAN XİDMƏT” MƏRKƏZİNİN AÇILIŞINDA İŞTİRAK EDİB

Prezident İlham Əliyev 6 saylı Bakı “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib. Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev dövlətimizin başçısına Bakıda 6-cı, ölkə üzrə isə 21-ci olan bu “ASAN xidmət” mərkəzi barədə məlumat verdi. Qeyd edək ki, Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin mühüm tərkib hissələrindən biri də əhalinin sosial məsələlərinin həlli, onların dövlət orqanlarının xidmətlərinə əlçatanlığının təmin edilməsi və vətəndaş məmnunluğunun daha da artırılmasıdır. Təsadüfi deyil ki, dövlət qurumlarının fəaliyyətində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi istiqamətində son illərdə əhəmiyyətli işlər görülüb, müvafiq hüquqi baza formalaşdırılıb. Əksər dövlət orqanlarında əhaliyə elektron xidmətlərin göstərilməsi təmin olunub və bu proses sürətlə davam edir. Dövlətimizin başçısının təşəbbüsü ilə 2012-ci ildə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində “ASAN xidmət” mərkəzlərinin yaradılması bürokratik əngəllərin və mümkün korrupsiya hallarının aradan qaldırılmasında inqilabi dəyişiklik etdi və innovasiya sahəsində Azərbaycan brendi kimi dünyada tanındı.