PREZİDENT 20 YANVAR ŞƏHİDLƏRİNİN XATİRƏSİNİ YAD ETDİ
Baxış sayı: 14
20 Yanvar hadisələri Azərbaycan xalqının tarixinə həm faciəli, kədərli, həm də qəhrəmanlıq, rəşadət səhifəsi kimi daxil olub, müstəqillik, azadlıq uğrunda mübarizənin və yenilməz iradənin rəmzinə çevrilib. 36 il əvvəl doğma Vətəninin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən üstün tutan Azərbaycanın mərd övladları həmin qanlı gecədə canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Həmin gün Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda ilk şəhidlərini verdi. Azadlığa gedən yolda həyatlarını qurban verən Vətən övladları misilsiz fədakarlıqları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə tarixi səhifə yazdılar. Sovet qoşunlarının Azərbaycanda törətdiyi qanlı qırğından uzun illər keçməsinə baxmayaraq, xalqımız o dəhşətli günlərin ağrı-acısını unutmur. Qanlı 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymətin verilməsi ilə bağlı məsələ ilk dəfə məhz Ümummilli Lider Heydər Əliyevin sayəsində həllini tapdı. Faciənin səhəri günü - 1990-cı il yanvarın 21-də Ulu Öndər Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək xalqla birgə olduğunu bildirdi, bu qırğını törədənləri pisləyən kəskin bəyanatla çıxış etdi. 1990-cı ilin iyulunda Moskvadan Vətənə qayıdan Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə həmin il noyabrın 21-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsinə ilk dəfə siyasi-hüquqi qiymət verən qərar qəbul olundu. Ümummilli Liderin ölkə rəhbərliyinə qayıdışından sonra 1994-cü ildə 20 Yanvar hadisələrinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi. 20 Yanvar Ümumxalq Hüzn Günü elan edildi.
Ulu Öndərin, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş bütün şəhidlərin ruhları bu gün şaddır. Çünki Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu xalqımızın 30 illik həsrətinə son qoydu, torpaqlarımızı erməni işğalından azad etdi və suverenliyimiz tam bərpa olundu. İndi bütün ərazilərimizdə Azərbaycanın üçrəngli Bayrağı qürurla dalğalanır.
