Sentyabrın 1-dən 6-na kimi Belarusda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) “Döyüş qardaşlığı” adı altında təlimləri keçiriləcək. Üzv dövlətlərdən Rusiya, Tacikistan, Qazaxıstan, Belarus və
Qırğızıstanın iştirak edəcəyi təsdiqlənsə də, Ermənistan növbəti dəfə tədbirə qatılmaqdan imtina edib. Rusiya mediası yazır ki, İrəvan bununla artıq neçənci dəfədir ki, təşkilatın təlim və toplantılarını boykot edir. Bununla da, Ermənistanın təşkilatdan çıxması yenidən aktiv şəkildə gündəmə gətirilir. Erməni mediasında yer alan xəbərlərdə hətta konkret tarix də göstərilir. İddia olunur ki, Ermənistan “Kollektiv Qərb”in təzyiqləri altında sentyabrın 13-də KTMT-dən çıxacaq. Xəbərlərə görə, bu təşkilatın İkinci Qarabağ müharibəsi və sonrakı müddətdə “passivliyi”ndən tutmuş bir çox məsələlər səbəb kimi göstərilir.Ermənistan rəsmilərinin də dəfələrlə bu təşəbbüsü qaldırdıqlarını nəzərə alsaq, o zaman məsələni ciddi qarşılamaq olar. Rusiyaya yaxınlığı ilə seçilən və baş nazir Nikol Paşinyana müxalifliyi ilə diqqət çəkən “Qolos Armenii” qeyd edir ki, hakimiyyət kuluarlarında KTMT-də fəaliyyətin dondurulması barədə danışılır. Erməni tərəfinin iddiasına görə, 2022-ci il sentyabr hadisələri zamanı “Putin NATO”sundan lazımi dəstəyi görmədilər.