PAŞİNYAN GÜCÜNÜ QADINLARA GÖSTƏRİR
Baxış sayı: 22
Ermənistan parlamentində insident baş verib. Baş nazir Nikol Paşinyanla deputatlardan biri arasında mübahisə yaşanıb. Qalmaqala səbəb “Hayastan” fraksiyasından olan deputat Anna Qriqoryanın iqtidarı korrupsiyada suçlaması olub. O, Paşinyanı siyasi iradəsizlikdə suçlayıb.
“Unutmayın ki, təkcə sizin hakimiyyətin dövründə 7 milyard borcumuz yığılıb! Eyni yolu ildə 5 dəfə təmir edirsiz, başqa strateji əhəmiyyət kəsb edən heç nə tikilmir”. Paşinyan isə belə cavab verib: “Siz sadəcə olaraq yalan danışırsınız! Oturun, susun, əsəblərimə toxunmayın...”.
Anna Qriqoryanın yenidən çıxışa cəhd etməsi Paşinyanı bir az da qəzəbləndirib. “Mən sizə dedim ki, oturun və əsəblərimi pozmayın!”, – Paşinyan qəzəblə deyib. Bundan sonra zalda vəziyyət gərginləşib, qışqırıqlar eşidilib. Ermənistan parlamentinin sədri canlı yayımın söndürülməsinə göstəriş verib. Paşinyan tribunadan düşəndən sonra da vəziyyət sakitləşməyib və o, hətta müxalif deputatın üzərinə yeriyərək onu hədələyib. Araya girən digər deputatlar baş naziri sakitləşdirməyə çalışıblar. Ermənistanın baş prokuroru Anna Vardapetyan isə baş nazir Nikol Paşinyanın davranışını qiymətləndirməkdən yayınıb. O, parlamentdə Ermənistan fraksiyasının üzvü Aqvan Vardanyanın sualını cavablandırarkən Baş prokuror siyasi bəyanatlar və siyasi qiymət vermir - deyib.