PAŞİNYAN ERMƏNİLƏRİN QARABAĞA QAYIDIŞININ ƏLEYHİNƏDİR
Baxış sayı: 16
Qaçqınların Qarabağa qayıtması nə dərəcədə realdır? Sualına açıqlava verim ki, mən bunu real hesab etmirəm. Üstəlik, düşünürəm ki, insanlarla bu barədə düzgün danışmaq vacibdir, çünki onlar öz planlarını qurmalıdırlar. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan sentyabrın 30-da AŞPA-nın payız sessiyasında çıxışından sonra sualları cavablandırarkən bildirib. “Ümumiyyətlə, mən bütün qaçqınların geri qaytarılması məsələsini sülh prosesi üçün təhlükəli hesab edirəm”, - deyən Paşinyan, Qarabağ münaqişəsinin humanitar problem kimi başladığını və uzunmüddətli münaqişəyə çevrildiyini bildirib. Habelə o, Ermənistanın Alma-Ata Bəyannaməsi əsasında Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığını tanıdığını xatırladaraq, diqqəti bu formulun üzərində cəmləməyə çağırıb. “Növbəti onilliklərdə bu formulun həyata keçirilməsi üçün Ermənistan və Azərbaycan bir-biri ilə münaqişəyə girməməli, diqqəti iqtisadi əməkdaşlığa yönəltməli və tədricən dialoq qurmalıdırlar”, - deyə o vurğulayıb. Paşinyan Qarabağdan qaçan erməniləri Ermənistan vətəndaşlığını qəbul etməyə və öz həyatlarını Ermənistanda qurmağa çağırıb. Qeyd edək ki, Nikol Paşinyanın ermənilərin Qarabağa qayıdışının əleyhinə olması müxtəlif ölkələrdəki erməni lobbisinin və lobbinin dəstəklədiyi siyasətçilərin səylərini heçə endirir. Vaxtilə Qarabağda yaşayan ermənilərin özləri də geri dönmək istəmirlər, əks halda onların səsi gələrdi. Çünki onlar da Paşinyan kimi anlayırlar ki, Qarabağa qayıdış yalnız Azərbaycan qanunlarının və pasportlarının qəbulu əsasında mümkündür. Buna isə onlar razı deyillər.