2020-ci ildə ən azı 105 min hektar sahədə pambıq əkilməsi nəzərdə tutulur.Azərbaycan pambıqçılığın inkişafına göstərdiyi dəstəyə görə dünya üzrə aparıcı dövlətlərdən biridir. Bu fikri Kənd Təsərrüfatı naziri İnam Kərimov
dekabrın 19-da Prezident İlham Əliyevin yanında pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlərlə bağlı keçirilən müşavirədə söyləyib. Müşavirədə pambıqçılığın inkişafı ilə bağlı daha hansı məlumatlar verilib? Kənd Təsərrüfatı naziri İnam Kərimov bildirib ki, bu gün aqrar sektorun bütün sahələri kimi, pambıqçılıq da yeni inkişaf mərhələsinə qədəm qoyub.2015-ci ildən sonrakı dövr ərzində pambıq istehsalı 8,2 dəfə artıb. Bu günədək 100 min hektar sahədən 294 min tondan çox pambıq istehsal olunub və hektardan orta məhsuldarlıq 29,4 sentner təşkil edib. Əkin sahəsinin ötən ilə nisbətən 32 min hektar azalmasına baxmayaraq, pambıq istehsalı 61 min ton, hektardan orta məhsuldarlıq isə 11,8 sentner artıb. Nazir həmçinin qeyd etdi ki, yeni subsidiya mexanizminə əsasən, 2020-ci ildə hər hektara 220 manat, hər ton məhsula 100 manat subsidiya verilməsi nəzərdə tutulur. Belə olduqda, 30 sentner məhsul götürmüş fermerin dövlətdən əldə etdiyi vəsait 520 manat olmaqla, çəkdiyi xərcin 55 faizini təşkil edəcəkdir.Subsidiyaların Elektron Kənd Təsərrüfatı Sistemi vasitəsilə fermerlərə verilməsi xidmət prosesini daha çevik və asan edəcək, xidmətin keyfiyyətini yüksəldəcək.