Özbəkistan Mərkəzi Asiyanın mərkəzi və şimal-qərb hissəsində yerləşir. Şimal-şərqdə Qırğızıstan, şimal və şimal-qərbdə Qazaxıstan, cənub-şərqdə Tacikistan, cənub və cənub-qərbdə isə Türkmənistan və Əfqanıstanla həmsərhəddir. Paytaxtı Daşkənd şəhəridir.
Özbəkistan böyük bir tarixi olan qədim ölkədir. Burada sanki zaman öz "imzasını" qoyub. Ən mühüm şəhərləri Daşkənd, Səmərqənd, Buxara, Xivə, Kokand, Termez, Muynak, Şəhrisəbzdir. Ölkədə müxtəlif tarixi abidə, məscid və muzeylər var. Onların sırasında Bibixanım məscidi, Uluqbəy rəsədxanası və mədrəsəsi, Şahi Zində məqbərəsi, Əmir Teymur və onun nəslinin uyuduğu Qur-Əmir mavzoleyi, Ağ-Saray, Reqistan meydanının adını çəkmək olar. Təkcə Mərkəzi Asiyanın müqəddəs şəhəri adlandırılan Buxarada 140-a yaxın arxitektura abidəsi var. Qədim Xivə isə müxtəlif əsr və xalqlara məxsus tarixi abidələrin məkanı olduğu üçün 1967-ci ildə, İçan-Qala isə1990-da YUNESKO-nun Ümumdünya irsinə daxil edilib. Özbəkistanın böyük tarixə malik zəngin mədəniyyəti var. Özbək mədəniyyəti Şərqin ən parlaq və orijinal nümunələrindən biridir. Türk xalqları içərisində özünəməxsusluğu ilə seçilən özbəklərin könül oxşayan xalq mahnıları, təsviri sənəti, zəngin mətbəxi, geyim mədəniyyəti və memarlığı var. Özbəklərə məxsus əsas xüsusiyyətlərdən biri qonaqpərvərlikdir. Burada qonaq qarşılamaq süfrənin zənginliyi və ailədəki çatışmazlıqlardan öndə durur. Nahar və ya şam yeməyinə dəvətdən imtina etmək düzgün sayılmır, qonaq üçünsə ən əsası dəqiqlikdir. Qonaq gedərkən suvenir və uşaqlar üçün şirniyyat aparmaq arzuolunandır. Hörmətli qonaqları ev sahibləri həyətdə qarşılayıb hal-əhval tutduqdan sonra evə dəvət edirlər. Özəkistan mətbəxi Şərq ölkələrinin mətbəxləri arasında öz rəngarəngliyi ilə seçilir. Bəzi reseptlər çoxəsrlik tarixə malikdir, onların hazırlanması isə dövrümüzə qədər gəlib çatmış mərasimlərlə müşayiət olunur. Ölkənin şimalında plov, qızardılmış ət və xəmir məmulatlarına üstünlük verirlərsə, cənubunda düyü və tərəvəzdən müxtəlif çeşiddə olan xörəklər hazırlayırlar. Özbəkistan mətbəxinin ən məşhur yeməyi Özbək plovu hesab olunur. Bu plovun hazırlanmasında ən diqqətçəkən məqam ətlə yanaşı, kökdən də istifadə olunmasıdır. Yerli mətbəxdə həmçinin heyvalı plov, kovatak plov kimi plov növləri də geniş yayılanlardandır.Özbək yeməkləri çox kalorili olması ilə diqqət çəkir. Həmçinin soğandan çox, souslardan isə demək olar ki, heç istifadə olunmamasını qeyd etmək olar. Ən maraqlı məqam isə ətin sümüklə bişirilməsidir. Bunun səbəbi isə yerli əhalinin ətin suyunun şəfalı olmasına inanmasıdır.Xəmir yeməkləri də yerli əhalinin ən sevimli yeməkləri sırasındadır. Məsələn, su buxarında bişirilən mantı çox sevilir. Özbək mətbəxində şorbalar da özünəməxsus yer tutur. Məsələn “Maş horda” və “Mastava” kimi şorbalardan da çox istifadə olunur. Çörək özbəklər üçün müqəddəs sayılır. Onlar kökəni təndirdə bişirirlər. Kökələrin isə "obi-non" "patır", "şirma", "loçire", "çevat", "katlama" kimi növləri var. Hətta, böyük alim İbn Sina bir çox xəstəlikləri müalicə etməkdə özbək çörəyini yeməyi də məsləhət görürdü. Bundan əlavə, Özbəkistan süfrələrini meyvəsiz təsəvvür etmək mümkünsüzdür. Üzüm, yemiş, qarpız, ərik, şaftalı, armud, alça, albalı, heyva və əncir kimi ölkə daxilində yetişdirilən meyvələrə daha çox üstünlük verirlər. Çaydan başqa ayran, kompot və şərbət də özbəklərin sevimli içkiləri sırasındadır.