Ordubadda meyvəçiliyin tarixi çox-çox qədimlərə gedib çıxır. Ordubadın meyvə bağları, sortları və sair haqda hələ XVII əsrdə məlumat verilib.
Ordubad meyvələrindən ən məşhuru ərikdir. Ordubad əriyi vaxtilə “Çörək ağacı” adı ilə tanınıb. İkinci Dünya müharibəsi illərində Ordubad əriyini Azərbaycanın digər rayonlarında buğda ilə dəyişirdilər. Əriyin rayonda 30-dan çox növünün olması məlumdur. Abutalibi, balyarım, növrəst, ağ və qırmızı təbərzə, badami, ağ ərik, haqverdi, ağcanabaş, xosrovi, qara ərik, hamna ərik, əsgərabad, limon ərik, şalax, qırmızıyanaq, qırmızı partizan, fındığı ərik, kababı, göy ərik və sairə sortları rayonda muğurla becərilib. Bu meyvələrdən qax, konserv məhsulları, kompot, cem,turşu hazırlanıb. Ərik əsasən kaliumla zəngin olub tərkibində 9-10 mikroelement, vitaminlər, turşular və sairə vardır. Qurudulduqda şəkərliliyi artır və ən gözəl çərəzlərdən sayılır.