OPERATİV QƏRARGAH RESTORAN SAHİBLƏRİNƏ XƏBƏRDARLIQ ETDİ
Baxış sayı: 871
Operativ Qərargah fiziki, hüquqi və vəzifəli şəxsləri xüsusi karantin rejiminin qaydalarına və tələblərinə riayət etməyə çağırıb və tələblərə əməl olunmadığı təqdirdə qanuna uyğun ciddi tədbirlər görüləcəyini bildirib.
Operativ Qərargahdan verilən məlumata görə, son günlər ictimai iaşə (restoran) sahəsində fəaliyyət göstərən sahibkarların xüsusi karantin rejimini, Nazirlər Kabinetinin müvafiq qərarlarını və Respublikanın Baş sanitar həkiminin təlimatlarını kobud şəkildə pozduqları haqda faktlar aşkarlanıb. Bir neçə restoran xarici ölkələrdən müğənniləri dəvət edərək kütləvi tədbir keçirməklə və yeni konsertlər təşkil olunacağı haqda məlumatlar yaymaqla xüsusi karantin rejiminin qaydalarını nümayişkəranə halda pozmuş, vətəndaşların kütləvi yoluxması üçün təhlükəli şərait yaradıblar. Operativ Qərargah bildirir ki, qanun pozuntusuna yol vermiş həmin obyektlər və onların vəzifəli şəxsləri haqqında qanuna müvafiq olaraq ciddi tədbirlər görüləcək.