ONLAYN ALIŞ-VERİŞİN ÜSTÜNLÜKLƏRİ

Aliş-veriş etməyi sevirsiz, elə deyilmi? Kim bunu sevmir ki?! Yeni-yeni geyimlər, ayaqqabılar, çantalar və daha nələr… Bəs insanın ruh halına yaxşı təsir edən, onu şənləndirən bu alış verişin hansı formasını bəyənirsiniz?

İnformasiya texnologiyaları ilə dostluq edən insanların çoxu yəqin ki deyəcək onlayn alış- verişə üstünlük verirlər. Amma mağaza-mağaza dolaşıb bu formada alış veriş-edənlər də çoxluq təşkil edir. Bəs hansı alış-veriş formasının üstünlükləri daha çoxdur? Günümüzün ən böyük qayğılarından biri zamanla ayaqlaşa bilməkdir. Məlum karantin rejimi tətbiq olunana qədər insanların çoxu ev-iş, ev-təhsil ocağı arasında ayaq döyürdü. Çoxlarının başlarını qaşımağa belə vaxtları olmurdu. Belə olan halda onlayn alış-veriş onların köməyinə yetib. Çünki internet üzərindən bazarlıq etmək çox zaman tələb etmir. Sadəcə bilgisayarınızdan və ya mobil telefonunuzdan barmaqlarınızı azca tərpətmək gərəkir ki, istədiyinizi sifariş edəsiniz. Anlayacağınız: mağaza-mağaza dolaşıb, axtardığını tapa bilmək üçün uzun zaman xərcləyib, saatlarca yol getmək, kassalarda gözləmək kimi işlər onlayn alış-verişdə yoxdur. Evdə, iş yerində, təhsil aldığınız yerdə, yolda, parkda, qısası hər yerdə bazarlıq edə bilərdiniz. 7/24 alış-veriş keyfi düşünün. Mağazalar bağlanar, istədiyimiz tapa bilmərəm kimi qayğılar yox idi. Kiçik şəhərlərdə yaşayanlar üçün onlayn alış-verişin üstünlükləri isə daha çoxdur. Çünki belə olan halda daha çox seçim etmək imkanı var. Və… yenə də gələk günümüzün aktual mövzusu olan koronavirus pandemiyasına. Bu pandemiya onlayn alış-verişin üstünlüyünü daha da artırdı. Artıq evdə qalmağa məcbur insanlar canları sıxıldığında bazarlıq etmək üçün evdən çıxmağa məcbur deyillər. Güvəndikləri alış-veriş saytlarını vərəqləyib istədikləri məhsula baxa və ya sifariş verə bilirlər. Bu vaxt bazarlıq internet üzərindən olduğu üçün mal alarkən və ya pul ödəyərkən hər hansı virus və ya mikrob qazanmağınız mümkünsüzdür. Demək ki, şopinq və ya alış-veriş həvəskarları ruh düşkünlüyünə uğramadan, heç nə almasalar belə yenə mağaza-mağaza dolaşa bilərlər. Amma virtual.