Novruz səməniləri axar suya atılıb

Aprelin 2-də Quba sakinləri Novruzda cücərdilən səməniləri axar suya atıblar.

“Səməni atdı” adlandırılan mərasim Qudyalçayın Quba şəhəri ərazisindən keçən hissəsindəki körpüdə təşkil olunub.

Artiq Qubada bir gələnəyə çevrilən səməni atma mərasimi hər il Novruz bayramından, Yeni gün bayramından 13 gün sonra keçirilir.

Son illər isə Qudyalçayın üzərindəki körpüdə “səməni atdı” mərasiminə tək qubalılar yox, ətraf rayonların sakinləri də qatılırlar.

Mərasim iştirakçıları niyyət edərək bayram səmənilərini axar suya atır, arzularının həyata keçməsi üçün dua edirlər. İnanca görə səmənini suya atan şəxsin arzusu növbəti Novruz bayramına kimi həyata keçir. Niyyəti həyata keçən şəxs növbəti bayramda yenidən mərasimə qatılır və burada olanlara şirniyyat paylayır.