NİYƏ ÖZ GEYİMLƏRİMİZİ BƏYƏNMİRİK ?

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-iyul aylarında ölkədə 88,5 milyon manatlıq paltar və ayaqqabı istehsal olunub. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 52% çoxdur. Bununla belə, təcrübə göstərir ki, Azərbaycan vətəndaşları geyim məsələsində bacardıqca xarici mallara üstünlük verir. Yalnız imkanlı təbəqə deyil, əhalinin kasıb təbəqəsi də yerli paltar və ayaqqabı almamağa çalışır. Baxmayaraq ki, Azərbaycanda istehsal olunan geyimlər təkcə daxil bazara deyil, "Made in Azerbaijan" brendi ilə xarici bazara çıxarılır, amma bu brendə maraq hələ ki, aşağı səviyyədədir. Əksər İqtisadçı ekspertlər yerli geyimin keyfiyyətinin xeyli aşağı olduğunu deyirlər. Buna görə də Azərbaycan istehlakçısı yerli məhsullara o qədər də üstünlük vermir. Habelə mütəxəssislər bizdə brendləşmənin olmamasını da əsas amil kimi göstərirlər. Belə ki, ən ucuz Çin mallarını alan şəxslər belə, brendin özünü olmasa da, oxşarlarını, keyfiyyətsiz olsa belə, həmin brendə bənzədilmiş, yaxud üzərində həmin brendin adı yazılmış məhsulları almağa üstünlük verdiklərini deyirlər.