NAXÇIVAN DUZU XARİCİ BAZARLARA ÇIXARILACAQ

Naxçıvanın minillik rəmzi sayılan duz ölkə səviyyəsində həmişə brend məhsul olub. Azərbaycan süfrəsinin bəzəyi olan Naxçıvan duzu, artıq beynəlxalq miqyasda tanınacaq.

Naxçıvan Muxtar Respublikasında elan edilən “İxrac ili”ndə hədəf Naxçıvan duzunun xarici bazarlara daha geniş şəkildə çıxarılmasıdır. Duzdağda yeni şaxta istifadəyə veriləcək. Ərazidə duz ehtiyatlarının miqdarı, keyfiyyəti və tərkibi dəqiq öyrənilib, laboratoriya analizləri aparılıb və duzun standartların tələblərinə uyğunluğu müəyyənləşdirilib. Hazırda yeni şaxtanın əhatə etdiyi ərazidə 15 milyon ton duz ehtiyatı var. Yeni açılan şaxtada texnoloji rejimə nəzarət ediləcək, havalandırma sistemi qurulacaq, müəyyən olunmuş duz layına qədər 390 metr uzunluğunda tunel çəkiləcək. Naxçıvan duzunun istehsal və satış həcmini artırmaq məqsədilə yeni müəssisə də qurulacaq. Müasir avadanlıqla təmin ediləcək müəssisədə istehsal prosesi avtomatlaşdırılacaq və illik istehsal gücü 15 min ton olacaq.